“İnter Mayami”nin baş məşqçisi Xerardo Martino braziliyalı hücumçu Neymarın amerikan klubuna mümkün keçidi haqda şayiələri cavablayıb.
Arena.az argentinalı mütəxəssisin bu barədə cavabını təqdim edir:
“Bir oyunçunun başqa kluba keçib-keçməyəcəyi barədə bu qədər asan və sərbəst danışa bilməzsiniz. Müvafiq qəbildən olan xüsuslardan söhbət gedərkən, daşınmaz əmlakın alınmasından daha əsas dəlilərə ehtiyacımız var. Siz bu barədə – futbolçunun keçidi haqqında sadəcə burada ev aldığına və ya sevgilisinin Fort-Loderdeyldən (Floridanın cənubundakı şərq sahilində, Mayami və Uest-Palm-Biç şəhərləri arasında yerləşən kurort şəhəri) olduğuna görə fikir yürüdə bilməzsiniz”, deyə “Tata” ləqəbli Xerardo Martino vurğulayıb.
Xatırladaq ki, daha əvvəl bu şayiə mənzərəsində “Santos”un düşərgəsindən, Neymarın gələn yay doğma klubuna qayıdacağı haqda klub rəsmisi məlumat vermişdi.
Neymar “Santos”un məzunudur. “Ney” 2009-2013-cü illərdə Braziliya klubunun əsas komandasında çıxış edib. Bu müddət ərzində Neymar “balıqlar”ın heyətində 225 oyuna çıxıb, 136 qol və 64 məhsuldar ötürmə ilə fərqlənib.
Xatırladaq ki, braziliyalı futbolçu ötən il DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Braziliya millisinin Uruqvay yığmasına qarşı keçirdiyi oyunda (0:2) ağır zədə alaraq, dizinin çarpaz bağlarını yırtmış və bu səbəblə cərrahi əməliyyat edilmişdi. “Ney” ötən həftə Asiya Çempionlar Liqasının “Əl-Ayn”a qarşı oyununda nəhayət ki, yaşıl meydanlara qayıdıb.
Avropada debütü “Barselona” ilə başlamış Neymar daha sonra Kataloniya klubunu öz isətəyi ilə tərk edib. 2023-cü ilin yayında, PSJ-də 6 il keçirdikdən sonra Neymar “Əl-Hilal”a keçib. Tərəflər arasında sonradan 1 il uzadılmaq imkanını özündə ehtiva edən, müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Transfer ərəblərə 90 milyon avro məbləğə başa gəlib. Bu məbləğ Neymarın təxmin edilən bazar qiymətindən dəfələrlə bahadır.
Təcrübəli hücumçu ötən mövsüm “Əl-Hilal”ın heyətində bütün yarışlarda cəmi 6 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə verib.
Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 58 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 32 yaşlı hücumçunun transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.


