Xerardo Martino zədəli Lionel Messinin səhhəti haqda danışdı

“İnter Mayami”nin baş məşqçisi Xerardo Martino bud nahiyəsindən zədə almış argentinalı ulduz hücumçu Lionel Messinin vəziyyətindən danışıb.

Arena.az “Mundo Deportivo” nəşrinə istinadən, argentinalı mütəxəssisin bu barədə məlumatını təqdim edir:

“Messi sağalır, artıq bir neçə gündür meydandadır və hər gün yaxşılaşır. Biz onun sağalmasını diqqətlə izləyirik. Meydana daxil olması üçün hələ çox tezdir. Ən azı gələn həftəyə qədər gözləmək lazımdır. Onun meydanda olduğu cəmi dördüncü gündür”, deyə Xerardo Martino bildirib.

Xatırladaq ki, aprelin 3-də “İnter Mayami” CONCACAF Çempionlar Liqasının 1/4 finalında “Monterrey”lə qarşılaşacaq.

Lionel Messi 2023-cü ilin yayında PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Messinin amerikan klubu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 5 oyuna çıxıb, 5 qol vurub və 2 məhsuldar ötürmə verib.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmada 180 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz yığma ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

Ötən il oktyabrın 30-da Messi karyerasında 8-ci “Qızıl top”a layiq görülüb. “Leo” daha öncə 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə “Qızıl top”un sahibi olmuşdu və bu mütləq rekorddur.

“Transfermarkt” internet-portalı 36 yaşlı Messinin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.