İspaniyanın “Atletiko” (Madrid) klubunun sağ vingeri Xerman Valera bundan sonra “Valensiya”nın uğurları üçün çalışacaq.
Arena.az bu barədə “Valensiya”nın saytına istinadən xəbər verir.
Transferin detalları açıqlanmır. 22 yaşlı futbolçu yeni klubu ilə 4 illik müqaviləyə imza atıb.
Xerman Valera “Vilyarreal” və “Atletiko”nun yetirməsi hesab olunur. O, vaxtilə “Tenerife”, “Real Sosyedad”, “Andorra”, “Saraqosa” kimi klublarda icarədə də olub. Valera “Atletiko”nun əsas komandasında cəmi 1 oyun keçirib. İspaniyanın U-16, U-17 və U-18 yığmalarında oynamış vingerə sonralar ehtiyac duyulmayıb.
Valera ilə vidalaşan “Atletiko” portuqaliyalı sol vingeri Markos Paulonu da “Molenbek”ə icarəyə verib. 23 yaşlı futbolçu bu mövsümün sonunadək icarədə olacaq.
Əslən Braziliyadan olan “Fluminense”nin yetirməsi “Atletiko”ya 2021-ci ilin yayında azad agent kimi qoşulub. Paulo bu klubun əsas komandasında forma şansı qazanmayıb. Bu üzdən də o, “Famalikan”, “Mirandes”, “San Paulo” kimi klublarda da icarədə olub. Markos Portuqaliyanın U-18 və U-19 yığmalarında da oynayıb.
Kofrie və Barreneçea da “Valensiya”da
“Valensiya” Xerman Valeradan başqa daha iki oyunçunu heyətinə qatıb. Sözügedən klub belçikalı mərkəz müdafiəçisi Maksimiliano Kofrieni “Klermon”dan icarə müqaviləsi əsasında heyətinə qatıb. Müqavilə müddəti 2024/2025 mövsümünün sonunadək hesablanıb. Müqavilə müddətinin sonunda “yarasalar” belçikalı müdafiəçini satın almaq hüququna malik olacaqlar.
Mərkəz müdafiəçisi Maksimiliano Kofrie futbola Belçikanın “Patyuraj” klubunda qədəm qoyub. Müdafiəçi karyerası ərzində “Mons”, “Anderlext”, “Standard” (Lyej), “Vasland-Beveren”, “Sent-Trüden”, “Spartak” (Moskva) və “Klermon”da çıxış edib.
Geridə qalmış 2023/2024 mövsümündə Kofrie “Klermon”un heyətində 21 oyuna çıxıb, 1 məhsuldar ötürmə verib.
Kofrie Belçikanın U-21 yığmasına cəlb edilib, məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 1 oyun keçirib. Kofrie əsas yığmaya dəvət almayıb.
Maksimiliano Kofrienin qənimətlər muzeyində Moskva “Spartak”ı ilə qazandığı 2022-ci il Rusiya Kuboku var.
“Valensiya” “Aston Villa”nın bu yay “Yuventus”dan transfer etdiyi Enso Barreneçeanı da icarəyə götürüb. Dayaq yarımmüdafiəçisi də bu mövsümün sonuna kimi La Liqa klubunda çıxış edəcək. 23 yaşlı argentinalı futbolçu ötən mövsümü icarə əsasında “Froziinone”də keçirib.
“Valensiya” sağ vingeri Samu Kastilyexo ilə də yollarını ayırıb. 29 yaşlı ispan futbolçu azad agent kimi komandanı tərk edib və hazırda klubsuzdur.
“Malaqa”, “Vilyarreal”, “Milan”, “Sassuolo” kimi klublarda da oynamış Kastilyexo 2022-ci ildən formasını geyindiyi “Valensiya”da cəmi 26 oyuna çıxıb və 4 qolla yadda qalıb. O, vaxtilə İspaniyanın U-17 və U-21 yığmalarında da oynayıb.


