Futbol üzrə Argentina millisinin və Niderland nəhəngi “Ayaks”ın qapıçısı Xeronimo Rulyi bundan sonra Marsel “Olimpik”ində forma geyinəcək.
Arena.az xəbər verir ki, bu barədə Fransa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Liqa 1 təmsilçisi 32 yaşlı qolkiperi 3 milyon avro müqabilində heyətinə qatıb. Təcrübəli futbolçu Marsel klubu ilə 3 illik (2027-ci ilin 30 iyununa qədər) müqavilə bağlayıb.
Xeronimo Rulyi Argentinanın “Estudiantes” klubunun yetirməsidir. O, uzun illər İspaniyada “Real Sosyedad” və “Vilyarreal” klublarının uğurları üçün çalışıb. Faxtilə Fransada “Monpelye”nin də şərəfini qorumuş qapıçı, “Ayaks”a 2023-cü ilin yanvarında İspaniyanın “Vilyarreal” klubundan 8 milyon avroya transfer olunmuşdu. O, Niderland nəhənginin heyətində 32 oyuna çıxıb, 37 qol buraxıb, 12 “quru” matç keçirib.
Argentina yığmasında cəmi 4 oyun keçirmiş futbolçu milli komanda ilə DÇ-2022-nin, Amerika Kubokunun (2023/2024), Finalissimanın (2021/2022) qalibi olub. O, “Vilyarreal”la Avropa Liqasının da qalibi adını qazanıb.
Marsel “Olimpik”i Niderlandın digər klbu “Qou Ehed İqlz”də çıxış edən qapıçı Ceffri de Lanqeni də transfer edib. Fransa klubu bu tansfer üçün də 2 milyon avro ödəyib. Niderlanddan olan 26 yaşlı qolkiperlə də 3 illik müqavilə imzalanıb.
Ceffri de Lanqe “Ayaks”ın yetirməsidir. “Tvente”də də forma geyinmiş qapıçı, 2022-ci ilin iyul ayından “Qou Ehed İqlz”in uğurları üçün çalışırdı. O, bu komandanın heyətində meydana çıxdığı 76 oyuna 110 qol buraxıb, 21 “quru” matç keçirib.
Ceffri de Lanqe Niderlandın müxtəlif yaş qrupları üzrə yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.