Xese: “Əl-Xelaifinin məndən daha çox arvadımdan xoşu gəlirdi”

PSJ-nin keçmiş hücumçusu Xese Rodriges Paris klubunun prezidenti Naser Əl-Xelaifini futbolçulara münasibətinə görə tənqid edib.

Arena.az “Goal” dərgisinin “Mowlihawk” dərgisinə istinadı əsasında, ispan futbolçunun qətərli iş adamı haqda müvafiq qənaətini təqdim edir:

“Orada – PSJ-də mənimlə çox pis davrandılar və bu, mənə “Real”ın dünyanın ən yaxşı klubu olduğunu başa saldı. Mən PSJ-də ilk oyunumda məhsuldar ötürmə verməklə debüt etmişdim, amma sonra kor bağırsağım səbəbindən iki ay yaşıl meydanlardan kənarda qaldım. Qış gələndə isə mənə dedilər ki, getməliyəm. Mən Unai Emeriyə (ispan mütəxəssis, PSJ-nin o vaxtkı baş məşqçisi – redakorun qeydi) özümün necə aldanıldığı hiss etdiyimi söyləmişdim.

Prezident Nasser Əl-Xelaifi məni ümumiyyətlə görmək istəmədi. Bilmirəm, bəlkə də futbolçu kimi məndən daha çox həyat yoldaşımı (Aura Ruis) bəyənirdi. Onlar heç bir izahat vermədilər. Çox qazanc əldə etmək olardı, amma münasibət düşkün idi. Mən “Real”ın hər xüsusda daha yaxşı olduğunu başa düşdüm. Bu, oyunçulara istehlak malları kimi baxan milyarderlə ünsiyyətə bənzəyirdi”, deyə təcrübəli futbolçu ikrahla vurğulayıb.

Xese Rodriqes Madrid “Real”ının yetirməsidir. İspan hücumçu 2011-ci ildə cəlb edildiyi “qaymaqlılar”ın əsas komandasında 5 il çıxış edib. 2016-cı ildə isə İspaniya nəhəngi öz məzununu 25 milyon avro məbləğ müqabilində PSJ-yə satıb. Amma Xesenin PSJ karyerası uğursuz alınıb. Xese Fransa nəhənginin heyətində cəmi 18 oyuna çıxıb və 2 qola və 1 məhsuldar ötürməyə imza atıb. Bu səbəbdən də ispan hücumçu daha çox digər klublara icarəyə verilib. Xese “Las-Palmas”, “Stok Siti”, “Betis” və Lissabon “Sportinq”ində icarədə oynayıb. 2021-ci ilin fevralında isə “Las-Palmas” Xeseni tamhüquqlu əsasda öz heyətinə qatıb. Amma təcrübəli hücumçu 2022-ci ilin yayında İspaniya klubundan ayrılmağa qərar verib. Xese bundan sonra yarım mövsüm “Ankaragücü”nün uğurları üçün çalışıb. 2023-cü ilin fevralında isə “Sampdoriya”ya keçmiş Xese burada da cəmi yarım mövsüm duruş gətirib. 2023-cü ilin sentyabrından 2024-cü ilin yanvarına qədər “Koritiba”da çıxış etmiş ispan hücumçu cəmi 6 oyuna çıxıb və 1 qolla yadda qalıb.

İspan futbolçu hazırda millimizin üzvü ilə çiyin-çiyinə oynayır

Xese Rodriges hazırda Malayziyanın “Cohor Darul Ta’zim” klubunda çıxış edir. İspan hücumçu Malayziya klubuna 2024-cü ilin oktyabrında azad agent qismində qoşulub, müqavilə müddəti və digər təfərrüat haqda məlumat isə açıqlanmayıb. Xese “Cohor Darul Ta’zim”in heyətində məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 2 oyun keçirib.

Xatırladaq ki, Malayziya klubunda Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilov da çıxış edir. O, bu ilin yayında “Neftçi”dən azad agent kimi ayrıldıqdan sonra indiki klubu ilə 1 illik müqavilə bağlayıb.

Xese Rodriqes İspaniyanın U-16, U-17, U-18, U-19, U-20 və U-21 yığmalarında çıxış etsə də, “qırmızı qəzəb”in əsas yığmasına dəvət almayıb.

“Transfermarkt” internet portalı 32 yaşlı ispan sol cinah hücumçusu Xese Rodrigesin transfer dəyərini 500 min avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: