“Sevilya”nın müdafiəçisi Xesus Navas Avropa Liqasının finalında “Roma”ya qarşı keçirəcəkləri oyun haqda gözləntilərini ifadə edib.
Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən Xesus Navasın fikirlərini diqqətinizə çatdırır:
“Bizə ilk növbədə səbr gərəkdir. Başa düşürük ki, “Roma” çox yığcam oynayan möhtəşəm komandadır. İstəklə oynamağımız gərəkdir və yüksək intensivlik nümayiş etdirməliyik”.
“Sevilya” qitənin ikinci dərəcəli turnirində ən uğurlu komandadır və iştirak etdiyi bütün finallarda qalib gələrək altıqat çempion adını daşıyır (2006, 2007, 2014, 2015, 2016, 2020).
“Roma”ya gəlincə, komanda Joze Mourinyonun rəhbərliyi ilə ötən mövsümdə Avropa Konfrans Liqasını qazanıb.
Avropa Liqasının “Roma” ilə “Sevilya” arasında keçiriləcək final oyunu bu gün Budapeştin “Ferents Puşkaş” stadionunda baş tutacaq.