“Xetafe” Omar Alderete üçün 4 milyon avro ödədi

Futbol üzrə Paraqvay yığmasının mərkəz müdafiəçisi Omar Alderete karyerasını İspaniyada davam etdirməyə qərar verib.

Arena.az xəbər verir ki, La Liqa təmsilçisi “Xetafe” bu mövsümün əvvəlində Almaniya “Herta”sından icarəyə götürdüyü futbolçunun transfer hüquqlarına da sahiblənib.

Bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb. Tərəflər 2023-cü il iyulun 1-dən qüvvəyə minəcək 5 illik müqaviləyə imza atıblar. Həmin vaxta kimi isə 26 yaşlı futbolçu “Xetafe”də icarə əsasında oynamağa davam edəcək.

Futbolçunun transfer məbləği 4 milyon avro təşkil edib.

Xatırladaq ki, Omar Alderete 2022-ci ilin avqustundan icarədə olduğu “Xetafe”nin heyətində cari mövsümdə 26 oyuna çıxıb. O, forma geyindiyi oyunlara 1 qol və 1 məhsuldar ötürmə ilə də fərqlənib.

Alderete ötən mövsümü də İspaniyanın digər klubu “Valensiya”da icarədə keçirmişdi – 34 oyun, 2 qol. 2020-ci ildə “Bazel”dən “Herta”ya 4 milyon avro qarşılığında keçmiş paraqvaylı oyunçu Almaniya klubunun heyətində cəmi 17 matça çıxıb.

Müdafiəçi karyerası ərzində “Serro Porteno”, “Ximnasiya Esqrima”, “Hurakan” və “Bazel”in də formasını geyinib. O, Paraqvay milli komandasında da 12 oyun keçirib.