İspaniyanın “Xetafe” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, La Liqa təmsilçisi İtaliyanın “Sampdoriya” klubunun yarımmüdafiəçisi Yakub Yanktonu transfer edib.
Bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb. 25 yaşlı çexiyalı futbolçu ilə 5 illik müqavilə imzalanıb. O, yeni komandasında “16” nömrəli formanı geyinəcək.
İspaniya mətbuatının məlumatına görə, “Xetafe” bu keçidə görə “Sampdoriya”ya 6 milyon avro ödəyib.
Yakub Yankto 2019-cu ilin sentyabrından “Sampdoriya”da çıxış edirdi. O, bu komandanın heyətində bütövlükdə 97 matça çıxıb, 9 qol vurub, bir o qədər də məhsuldar ötürmə müəllifi olub.
Çexiya yığmasının da üzvü olan futbolçu, əvvəllər “Udineze” və “Askoli”də də forma geyinib. O, millidə 40 matçda 4 dəfə fərqlənib.