Xetaq Qazyumov: “Qızıl medal olmadığı üçün çox təəssüf edirəm”

Sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Xetaq Qazyumov son Avropa çempionatındakı çıxışlarını dəyərləndirib.

Arena.az xəbər verir ki, millimiz Rumıniyanın paytaxtı Buxarestdə keçirilən qitə birinciliyini 7 medalla başa vurub.

1 gümüş və 6 bürünc medal qazanmış yığmamız 122 xal toplayıb və komanda hesabında 3-cü yeri tutub.

Millimiz ötən gecə vətənə qayıdıb. Komanda üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının rəsmiləri, məşqçilər, idmançılar və media nümayəndələri qarşılayıb.

Jurnalistlərə açıqlama verən millinin baş məşqçisi Xetaq Qazyumov bunları söyləyib:

“Təəssüf ki, qızıl medal qazana bilmədik. Ancaq bütün çəkilərdə güləşçilərimiz fəxri kürsüyə qalxa bilərdi. Osman Nurmaqomedov, Orxan Abasov və Kənan Heybətov da medal qazanmaq potensialına sahib idi. Bütün çəkilərdə medal qazansaydıq, əla nəticə olardı. Nürəddin Novruzov və Arseni Djioyev kimi gənclər yaxşı güləş nümayiş etdirdilər. İlk dəfə bu yarışda iştirak etsələr də, medal qazana bildilər. Bu, digər gənc güləşçilərimiz üçün də stimul olacaq. Qızıl medal olmadığı üçün çox təəssüf edirəm. Maqomedxan Maqomedovun final görüşü istənilən səviyyədə keçmədi.

Çıxışımıza “4” qiyməti vermək olar. Komanda hesabında ötən il çempion olmuşduqsa, bu il 3-cü yeri tutduq. Medalların əyarında olmasa da, sayında yaxşı nəticə göstərdik. Yeni adlar kəşf etdik. Onu da qeyd edim ki, Avropa çempionatında rəqabət çox güclənib. Rusiyadan olan bir çox güləşçilər qitənin müxtəlif ölkələrinə transfer olunub. Ancaq yüksək səviyyədə təlim-məşq toplanışları keçib, Avropa Olimpiya Təsnifat turnirində bütün güclü rəqiblərlə mübarizə aparmağa hazır olacağıq. Bakıda təşkil ediləcək yarışa qədər iki hazırlıq prosesi keçəcəyik. Gənc güləşçilərimizi Yaşar Doğunun xatirə turnirində də sınayacağıq”.