Xoakin Sançes vida matçında La Liqa rekordunu təkrarladı

Futbol üzrə İspaniya La Liqasının 38-ci turunun “Valensiya” ilə ev oyunu “Betis”in yarımmüdafiəçisi Xoakin Sançes üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi 1:1 hesablı heç-heçə ilə başa çatan matçda meydana çıxmaqla La Liqada 622-ci görüşünü keçirib.

Bununla da o, İspaniya çempionatının rekorduna şərik çıxıb. Belə ki, 41 yaşlı oyunçu La Liqada ən çox oyun keçirmiş “Barselona”nın sabiq qapıçısı Andoni Subisarretaya çatıb. Bu vaxta qədər mütləq rekord ona məxsus idisə, artıq Xoakin də bu rekorda şərikdir. İlk “3-lüy”ü hazırda Bilbao “Atletik”inin uğurları üçün çalışan Raul Qarsiya (589) tamamlayır.

Xatırladaq ki, İspaniya millisinin də sabiq üzvü olan Xoakin peşəkar futbolçu karyerasını başa vurmağa qərar verib. Təcrübəli vinger üçün bu, sonuncu mövsümü idi. O, mövsümün sonunda karyerasını bitirəcəyini hələ bir müddət öncə bəyan etmişdi.

Tam adı Xoakin Sançes Rodriqes olan sağ cinah yarımmüdafiəçisi məhz “Betis”in yetirməsidir. O, 2006-cı ildə bu klubdan ayrılaraq “Valensiya”ya keçib. 2011-ci ilə qədər “yarasalar”ın uğurları üçün çalışan futbolçu, iki mövsüm də “Malaqa”da forma geyinib. 2013-2015-ci illər aralığında isə vinger İtaliyada legioner həyatı yaşayıb – “Fiorentina”nın formasını geyinib. 2015-ci ildə “Betis”ə qayıdan vinger, çoxsaylı rekordlar müəllifidir.

Xoakin “Betis”də bütövlükdə 488 oyun keçirib. O, bu görüşlərdə 65 qol və 46 məhsuldar ötürmə müəllifi olub. “Valensiya”da 218 oyuna 30 qol və 31 assistlə yadda qalmış futbolçu, “Malaqa”da da 70 oyuna 10 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun “Fiorentina”dakı karyerası isə 71 oyun, 7 qol və 13 məhsuldar ötürmədən ibarətdir. Yarımmüdafiəçi İspaniya milli komandasında da 51 oyun keçirib, 4 qola imza atıb. O, La Liqadakı 622 oyununda isə 78 qol və 68 assistlə yadda qalıb.