“İmişli”ın baş məşqçisi Xorxe Kaskilya Azərbaycan Premyer Liqasının 33-cü turu çərçivəsində “Karvan”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qubada baş tutmuş görüşü 1:1 hesablı bərabərliklə yekunlaşıb.
Xorxe Kaskilya oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“İstədiyimiz nəticəni qazanmışıq. Futbolçulara, texniki heyətə, klubda çalışan hər kəsə təşəkkür edirəm. Təbii ki, fanatlara da minnətdaram. Mövsüm ərzində uzun yollar qət edərək, bizə dəstək göstərirdilər. Azarkeşlər daim qəlbimdə qalacaqlar. Azərbaycanda olmaqdan məmnunam, həyatımda böyük təcrübə oldu. İstər şəxsi, istərsə də peşəkar biri kimi müsbət düşüncələrim var. “İmişli”yə uğurlar arzu edirəm. Biz bu gün gənc futbolçulara şans verdik. “Karvan”la matçın start heyətində 10 azərbaycanlı yer almışdı. Fikrimcə, nəticə də ədalətli oldu.
Mən bu gecə Portuqaliyaya gedəcəyəm. Gələcək haqda isə heç nə deyə bilmərəm. İndi hələ ki ailəmi düşünürəm.
Mənə digər klublardan heç bir təklif yoxdur. Mətbuatda haqqımda çox xəbərlər yazılıb. Lakin həmin məlumatlar səhvdir. Hətta bir xəbər də yayılmışdı ki, “İmişli”də qalmaq istəmirəm və guya şərtlər yaxşı olmayıb. Bu da doğru deyil.
Azərbaycan çempionatında çıxış edən yerli oyunçuların keyfiyyəti yüksəkdir. Limitin ləğvi ilə çempionatın səviyyəsi də artıb. Yerli oyunçular legionerlərdən çox şey öyrənə bilərlər”.


