Xorxe Mas Neymarı “İnter Mayami”yə dəvət etmək istəyir

“İnter Mayami”nin həmsahibi Xorxe Mas “Əl-Hilal”ın braziliyalı ulduz hücumçusu Neymarı kluba dəvət edib-etməyəcəyi sualını cavablayıb.

Arena.az “Give me Sport” dərgisinə istinadən, Masın bu barədə fikrini təqdim edir:

“Əsas odur ki, o, bazarda mövcud olarsa… Hazırda Neymar “Əl-Hilal”ın futbolçusudur. O, bizim üçün əlçatan deyil. Mən həmişə demişəm ki, biz, komandamıza böyük oyunçular cəlb etməyə çalışırıq. Bizim, heyət baxımından bir çox məhdudiyyətimiz var, amma büdcəmiz isə qeyri-məhduddur.

Nə vaxtsa Neymar kimi oyunçunu dəvət etmək fürsəti yaranarsa, biz tərəddüd etməyəcəyik. Bu, təkcə məndən asılı deyil. Bu, oyunçudan və liqadan asılıdır. Amma bəli, biz əla heyət təsis etməyə çalışırıq”, deyə Xorxe Mas vurğulayıb.

Neymar “Santos”un məzunudur. “Ney” 2009-2013-cü illərdə Braziliya klubunun əsas komandasında çıxış edib. Bu müddət ərzində Neymar “balıqlar”ın heyətində 225 oyuna çıxıb, 136 qol və 64 məhsuldar ötürmə ilə fərqlənib.

Neymar 2013-2017-ci illər aralığında “Barselona”da çıxış etmiş və “blauqrana”nı öz istəyi ilə tərk edərək, PSJ-yə keçmişdi. Bu keçid hələ də futbol tarixini ən bahalı keçidi olaraq qalmaqdadır – 222 milyon avro məbləğində əməliyyat.

“Ney” “blauqrana”nın heyətində 186 oyuna çıxıb, 105 qol vurub, 76 məhsuldar ötürmə verib. Braziliyalı ulduz “Barselona” ilə İspaniya La Liqasının (2 dəfə), İspaniya Kubokunun (3 dəfə), İspaniya Super Kubokunun, Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.

Xatırladaq ki, braziliyalı futbolçu ötən il DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Braziliya millisinin Uruqvay yığmasına qarşı keçirdiyi oyunda (0:2) ağır zədə alaraq, dizinin çarpaz bağlarını yırtmış və bu səbəblə cərrahi əməliyyat edilmişdi. “Ney” ötən həftə Asiya Çempionlar Liqasının “Əl-Ayn”a qarşı oyununda nəhayət ki, yaşıl meydanlara qayıtmışdı. Buna rəğmən “Ney” növbəti oyununda yenidən zədə alaraq, iki həftə müddətinə sıradan çıxıb.

Avropada debütü “Barselona” ilə başlamış Neymar daha sonra Kataloniya klubunu öz isətəyi ilə tərk edib. 2023-cü ilin yayında, PSJ-də 6 il keçirdikdən sonra Neymar “Əl-Hilal”a keçib. Tərəflər arasında sonradan 1 il uzadılmaq imkanını özündə ehtiva edən, müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Transfer ərəblərə 90 milyon avro məbləğə başa gəlib. Bu məbləğ Neymarın təxmin edilən bazar qiymətindən dəfələrlə bahadır.

Təcrübəli hücumçu ötən mövsüm “Əl-Hilal”ın heyətində bütün yarışlarda cəmi 7 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə verib.

Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 58 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı hücumçunun transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: