Marsel “Olimpik”inin baş məşqçisi Xorxe Sampaoli Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirdikləri cavab oyununu şərh edib. Arena.az xəbər verir ki, Fransa klubunun argentinalı çalışdırıcısı 3:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Əlbəttə, çətin oyun oldu. İlk matçda da bu komanda bizə çətin anlar yaşatmışdı, bu dəfə də elə oldu. Sadəcə, bu dəfəki qələbə daha rahat başa gəldi”.
Xorxe Sampaoli İbrahim Vadjinin vurduğu qolun baş məşqçi Qurban Qurbanovun istəyi ilə ləğv olunmasına da münasibət bildirib:
“Bunu necə şərh edəcəyimi bilmirəm. Həyatımda belə şey görməmişdim. Bu cür səviyyəli yarışda, istər futbolçu, istər məşqçi olsun, belə bir feyr-pley nümayiş etdirmək… Qurban Qurbanovun yerində olmaq istəyərdim. Onu tərənnüm etməyə başqa söz tapa bilmirəm. Həmkarımını hərəkətinə həsəd apardım.
Karyeram ərzində belə bir şey olmayıb, heç vaxt görməmişəm. Əgər olsaydı, səmimi deyim, hakimin qərarını dəyişməsinə razılaşmazdım və qolu qeyd edərdim. Sadəcə, bu gün elə bir şey baş verdi ki, mənim üçün yenilik, təcrübə oldu.
“Qarabağ”ın Konfrans Liqasında digər oyunlarını da izləmişəm. Hər iki oyunu götürsək, etiraf etməliyəm ki, bizdən üstün oynadılar. “Qarabağ” hörmətə layiq komandadır. Etiraf edim ki, hər iki oyunda qələbəni oyunçuların fərdi ustalığı sayəsində qazandıq. Bu oyunun ən yaxşı oyunçusu kim oldu? Əslində, çox çətin sualdır. Mən Stiv Mandanda olduğunu düşünürəm”.
Matteo Genduzidən Qurban Qurbanova təşəkkür
“Olimpik”in müdafiəçisi Matteo Genduzi də matçdan sonra jurnalistlər önünə çıxıb və oyunla bağlı fikirlərini bölüşüb:
“Biz mərhələ adladıq. Amma unutmayaq ki, “Qarabağ” çox güclü oynadı, güclü komandadır. Bura gələrkən hazırlaşmışdıq. Bizim üçün əsas olan nəticə idi. 3 qol vurub, top buraxmamaq da böyük nailiyyətdir. Nəticə qazandığımıza görə şadıq. Lakin çox çətin oyun oldu. Çünki qarşımızdakı komanda gözəl oynadı. Bizim üçün əsas hədəf mərhələni keçmək idi. Buna da 3 qol vuraraq nail olduq”.
Genduzi də “Qarabağ”ın vurduğu qolun ləğvinə münasibət bildirib:
“Həmin epizodda futbolçunun topa əllə toxunduğunu hamı gördü. Gözləyirdik ki, hakim bunu görər və qeydə alar. Amma onlar fərqli qərar verdilər. Baş hakim də bizə topun ələ toxunuşunu görmədiyini dedi. Düzdür, “Qarabağ” oyunçuları ilə mübahisəmiz oldu. Amma yaxşı ki, sonda baş məşqçiləri və kapitanı bunu qəbul etdi və yekunda ədalətli qərar qəbul olundu. Onlara buna görə təşəkkür edirik.
Əllə qol vuran futbolçunun əvəzində mən olsaydın, əllə oynadığını etiraf edərdimmi? Nadir haldır. Bunun cavabını vermək üçün əlimlə qol vurmalıyam ki, bilim necə olacaq”.


