Xose Kalyexon “Fiorentina”nı “Qranada”ya dəyişdi

Futbol üzrə İspaniya millisinin və Madrid “Real”ının sabiq hücumçusu Xose Kalyexon İtaliyanın “Fiorentina” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 35 yaşlı futbolçu bundan sonrakı karyerasını vətənində davam etdirəcək.

O, geridə qalan mövsümdə La Liqa ilə vidalaşan “Qranada”yla anlaşıb. Təcrübəli forvard yeni klubu ilə 1+1 illik müqavilə bağlayıb. “Qranada” bu keçidə görə Florensiya təmsilçisinə heç bir təzminat ödəməyib. Buna ispan futbolçunun İtaliya klubundan azad agent kimi ayrılması şərait yaradıb.

Xose Kalyexon 2020-ci ilin oktyabrından “Fiorentina”da çıxış edirdi. O, bu komandanın heyətində keçirdiyi 2 mövsüm ərzində 55 matça çıxıb, 2 qol vurub.

“Real”ın yetirməsi olan Kalyexon, Madrid təmsilçisi ilə yanaşı, “Espanyol” və “Napoli” klublarında da forma geyinib. O, İspaniya yığmasında da 5 oyun keçirib.