Xose Luis Mendilibar “Sevilya”da qaldı – Rəsmi

İspaniyanın “Sevilya” klubu əsas komandanın baş məşqçisi Xose Luis Mendilibar ilə müqavilənin müddəti artırıb. Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, 62 yaşlı mütəxəssislə 1 illik yeni sözləşmə imzalanıb. Müqaviləyə əsasən, ispan məşqçi 2024-cü ilin 30 iyununa kimi komandada qalacaq.

Xatırladaq ki, Xose Luis Mendilibar bu ilin mart ayından “Sevilya”ya rəhbərlik edir. O, həmin dövrdən bəri bu komandanı 17 oyuna çıxarıb. “Sevilya” bu görüşlərdə 9 qələbə qazanıb, 5 heç-heçə edib və 3 məğlubiyyətə üzülüb.

“Sevilya” La Liqada geridə qalan mövsümü 49 xalla 12-ci pillədə başa vurub. Əvəzində komanda təcrübəli çalışdırıcının rəhbərliyi altında Avropa Liqasının qalibi olub. Mendilibarın komandası finalda “Roma”nı penaltilər seriyasında 4:1 hesabı ilə məğlub edərək (əsas və əlavə vaxt: 1:1) yeddinci dəfə bu qənimətə sahib olmağı bacarıb. Klub daha öncə 2006, 2007, 2014, 2015, 2016, 2020-ci illərdə Avropa Liqasının qalibi olub. Sevilya bu turnirdə iştirak etdiyi bütün finallardan qələbə ilə ayrılıb.

Mendilibar daha öncə “Alaves”, “Eybar”, “Levante”, “Osasuna”, “Valyadolid”, “Atletik”, “Eybar”, “Lansarote”, “Orrera” və “Baskoniya” kimi komandaları da çalışdırıb.