Xoseda Alvares Abde Rebbaxla yeni müqavilə

İspaniyanın “Alaves” klubu sağ cinah müdafiəçisi Xoseda Alvares (Xose David Alvares Adsuar) ilə müqavilənin müddətini artırıb.

Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 23 yaşlı ispan futbolçu 2027-ci ilin 30 iyununa qədər bu klubun uğurları üçün çalışmağa davam edəcək. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti bu mövsümün sonunda bitəcəkdi.

Xatırladaq ki, Xoseda Alvares “Levante”nin yetirməsi hesab olunur. O, 2020-ci ildən “Alaves”də çıxış edir.

La Liqa təmsilçisi əlcəzairli sol cinah vingeri Abde Rebbaxla da yeni müqavilə bağlayıb. 25 yaşlı futbolçunun yeni sözləşməsinin müddəti 2028-ci ilin 30 iyununa qədərdir.

Abderrahman Rebbax daha öncə “Aurrera Vitoriya” və “San İqnasio” kimi klubların formasını geyinib. O, 2020-ci ildən formasını geyindiyi “Alaves”də 46 oyuna 6 qol vurub, 3 məhsuldar ötürmə verib.

“Alaves” mərkəz müdafiəçisi Nikola Maraşı da “Levante”yə icarəyə verib. 28 yaşlı serb futbolçu bu mövsümün sonuna kimi icarədə olacaq. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb. Onun “Alaves”lə müqaviləsinin müddəti 2027-ci ilin 30 iyununa qədərdir.

Nikola Maraş Serbiyanın “Rad” klubunun yetirməsidir. O, “Çaves”, “Almeriya”, “Rayo Valyekano” kimi klublarda da forma geyinib. 2022-ci ildən “Alaves”də olan Maraş, bu komandada cəmi 23 oyuna çıxıb. Serbiyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış müdafiəçi, əsas millidə də 2 oyun keçirib.

“Alaves”in gənc hücumçusu Alan Qodoy Dominqes də icarə əsasında “Ximnastik” (Tarraqona) klubuna keçib. 20 yaşlı ispan forvard da bu mövsümün sonuna kimi icarədə olacaq. Onun da müqaviləsində satınalmaya dair şərt yoxdur. Gənc futbolçunun doğma klubu ilə müqaviləsi isə 2025-ci ilin 30 iyununa qədərdir. O, daha öncə “Sanlukeno” və “Mirandes”də də icarədə olub.