Xosep Martines “İnter”də

İtaliyanın “Cenoa” klubunun ispaniyalı qapıçısı Xosep Martines bundan sonra A Seriyasının digər təmsilçisi “İnter”in uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Milan klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

“İnter” 26 yaşlı qolkiperi 13,5 milyon avro qarşılığında heyətinə qatıb. Tərəflər 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə bağlayıblar.

“Cenoa” Xosep Martinesi 2022-cü ilin yayında Almaniyanın “Leypsiq” klubundan icarəyə götürmüş, ötən il isə 3,5 milyon avro qarşılığında birdəfəlik heyətinə qatmışdı. İspan qolkiper bu komandanın heyətində bütövlükdə 68 oyuna çıxıb, 68 qol buraxıb, 25 matçda qapısını toxunulmaz saxlayıb.

“Barselona”nın yetirməsi olan Xosep Martines daha öncə ölkəsində “Las Palmas”ın da formasını geyinib. İspaniyanın U-21 yığmasında da oynamış qolkiper əsas millidə cəmi 1 matç keçirib.