Xosep Qvardiola 100-ə çatdı, üçüncü oldu

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin “Real”la cavab oyunu “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola üçün əlamətdar olub. Arena.az xəbər verir ki, ispaniyalı mütəxəssis qitənin ən nüfuzlu klub turnirində yubiley qələbəsinə sevinib.

Belə ki, o, Çempionlar Liqasında baş məşqçi kimi 100-cü qələbəsini qazanıb. Bu göstəricidə o, yalnız Karlo Ançelotti (107 qələbə) və Aleks Ferqyusondan (102 qələbə) geri qalır.

Amma Qvardiola Çempionlar Liqasında 100 qələbəyə ən erkən çatan baş məşqçi kimi tarixə düşüb. Ançelotti 180, Ferqyuson 184-cü görüşündə yubiley qələbəsinə sevinib. Qvardiolaya isə bunun üçün 160 matç kifayət edib.

İspaniyalı mütəxəssis Çempionlar Liqasında “Real”ı üç dəfə məğlub edən ilk məşqçi kimi də tarixə düşüb. Əvvəllər Ottmar Hitsfeld və Marselo Lippi hərəyə iki dəfə buna nail olmuşdular.

Xatırladaq ki, “Mançester Siti” səfərdə 1:1 hesablı heç-heçəyə razılaşdığı “Real”ı doğma meydanda 4:0 hesabıyla məğlub edərək finala yüksəlib. “Şəhərlilər”i Çempionlar Liqasının finalında İtaliyanın “İnter” komandası ilə oyun gözləyir. Həlledici qarşılaşma iyunun 10-da İstanbuldakı Atatürk Olimpiya Stadionunda baş tutacaq.

Xosep Qvardiola 2016-cı ildən “Mançester Siti”yə rəhbərlik edir. O, “şəhərlilər”i indiyə qədər 408 matça çıxarıb. Komanda bu görüşlərdə 302 qələbə qazanıb, 48 heç-heçə edib və 58 məğlubiyyətə üzülüb. Mançester təmsilçisi onun rəhbərliyi altında meydana çıxdığı matçlarda 1033 qol vurub, 350 qol buraxıb.

Qvardiola “Mançester Siti”dən əvvəl İspaniyanın “Barselona” və Almaniyanın “Bayern” komandalarında baş məşqçi kimi çalışıb. Bu klublarla da çoxlu titullar qazanmış mütəxəssis, “şəhərlilər”lə 4 dəfə (2017/18, 2018/19, 2020/21, 2021/22) İngiltərə çempionu olub. O, 2018/19 mövsümündə bu komandaya İngiltərə Federasiya Kubokunu, 2017/18, 2018/19, 2019/20 və 2020/21 mövsümlərində İngiltərə Liqa Kubokunu qazandırıb. 2018 və 2019-cu illərdə mançesterlilər İngiltərə Super Kubokunda da ən güclü olublar.