Xosep Qvardiola Aleks Ferqyusonu geridə qoydu

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola UEFA Çempionlar Liqasında 163-cü oyununda 103-cü qələbəsini qazanıb.

Arena.az məlumat verir ki, ötən gün “şəhərlilərin” Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində “Leypsiq”i məğlub etdikləri oyun (3:1) “Pep”in Avropanın ən nüfuzlu klub turnirində 103-cü qələbəsi olub.

Beləliklə ispan mütəxəssis bu göstərici ilə “Mançester Yunayted”in sabiq baş məşqçisi Aleks Ferqyusonu geridə qoyub. Ser Aleksin Çempionlar Liqasında 102 qələbəsi var.

İndi Qvardiola ən mötəbər avrokubok turnirində qələbələrin sayına görə yalnız “Real”ın italyan çalışdırıcısı Karlo Ançelottidən geri qalır. “Papa Karlo” Çempionlar Liqasında məşqçi kimi çıxıdığı 193 oyunda 109 qələbə qazanıb.

Qvardiola daha öncə İspaniyanın “Barselona” və Almaniyanın “Bayern” komandalarına da rəhbərlik edib. O, “Barselona” ilə ÇL-də 30 qələbə (50 oyundan 15-i heç-heçə, 5-i məğlubiyyətlə bitib) qazanıb. İspan mütəxəssis “Bayern”lə də 23 belə qələbəyə sevinib. Almaniya nəhəngini 36 ÇL matçına çıxarmış məşqçi 5 heç-heçə və 8 məğlubiyyət görüb. “Pep” indiki komandası “Mançester Siti”ni isə 77 ÇL matçına çıxarıb. Bu görüşlərdə 50 qələbə, 14 heç-heçə və 13 məğlubuyyət qeydə alınıb.

Xatırladaq ki, Xosep Qvardiola 2016-cı ildən “Mançester Siti”ni çalışdırır. İspan mütəxəssislə klub arasındakı cari müqavilə 2025-ci ilə qədər qüvvədədir. O, indiyə qədər bu komandanı 425 oyuna çıxarıb. “Şəhərlilər” bu görüşlərdə 314 qələbə qazanıb, 49 heç-heçə ediblər. 62 qarşılaşmada isə məğlubiiyyət qeydə alınıb.

Ötən mövsüm Qvardiola “Mançester Siti”yə klubun tarixində ilk “trebl”i qazandırıb. “Şəhərlilər” İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun və UEFA Çempionlar Liqasının qalibi olublar.