“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “şəhərlilər”in futbolçularına qarşı təxribatlarla bağlı ittihamları cavablayıb.
Arena.az xəbər verir ki, ispan mütəxəssisin mövqeyi “topçular”ın braziliyalı müdafiəçisi Qabriel Maqalyansın tərəflər arasında oyundan sonra dediklərinə əsaslanır.
Xatırladaq ki, “Arsenal” İngiltərə Premyer Liqasının 5-ci turu çərçivəsində səfərdə “Mançester Siti” ilə 2:2 hesablı heç-heçə oynayıb. Bu oyunda və oyundan sonra baş vermiş hadisələr “şəhərlilər” və “topçular” arasında hisslərin qızışaraq hüdudunu aşması ilə nəticələnib.
“Siz müharibə istəyirsiniz? Olsun, indi biz müharibə aparırıq. Qabriel bunu oyundan sonra mükəmməl ifadə etmişdi: “Bu, müharibədir, düşməni təhrik etməliyik, onu təxribata çəkməliyik. Bu, oyunun sonudur, siz nə edə bilərsiniz?” Hər şeyi eşitdik. Bizi təxribata sürükləyirsiniz? Olsun, yaxşı!”, deyə Xosep Qvardiola bildirib.
Yeri gəlmişkən, Xosep Qvardiola “Arsenal”la oyunda (2:2) “şəhərlilər”in norveçli hücumçusu Erlinq Halandla bağlı hadisəni də şərh edib:
“Duyğular – duyğulardır. Əminəm ki, Erlinq bununla fəxr etmir, amma qulaq asın, “Arsenal”ın bizə qarşı necə oynadığını nəzərə alsaq, onu da başa düşmək olar”, deyə “Pep” vurğulayıb.
Xatırladaq ki, Haland oyunun sonunda komandasının ikinci qolundan sonra topu “Arsenal”ın braziliyalı mərkəz müdafiəçisi Qabriel Maqalyansın başına vurmuşdu.
Daha əvvəl “Mançester Siti”nin futbolçuları “Arsenal” futbolçularının oyunda hesabı saxlamaq üçün azlıqda qeyri-futboldan istifadə etdiklərini car çəkmişdilər. “Topçular”ın ispan baş məşqçisi Mikel Arteta daha sonra “Mançester Siti” haqqında bəzi məlumatlara işarə edərək, “şəhərlilər”in ünvanına tənqidlər yönəltmişdi. Həmçinin ispan mütəxəssis “Mançester Siti” ilə duyğusal rəqabətdən həzz aldığını dilə gətirərək, yanan alovun üzərinə yağ çiləmişdi.
Maraq üçün xatırladaq ki, Mikel Arteta vaxtilə Xosep Qvardiolanın köməkçisi kimi çalışıb.