Xosep Qvardiola: “Bir il sonra göstərdik ki…”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola UEFA Çempionlar Liqasının yarımfinalında “Real”a qarşı keçirdikləri cavab oyununu şərh edib. Arena.az xəbər verir ki, o, 4:0 hesabıyla (ilk oyun 1:1) qalib gəldikləri matçdan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:

“Çempionlar Liqasının finalına çıxdıq. Sevinmək lazımdır. Hamı yüksək səviyyədə idi. Bernardo Silva belə mərhələlərdə, belə matçlarda həmişə yaxşı çıxış edir. O, indiyə qədər gördüyüm ən yaxşı oyunçulardan biridir.

Bu gün ilk dəqiqələrdən hiss olunurdu ki, uşaqlar hazırdırlar. Komandada sakitlik var idi, çox zarafatlaşırdılar, ona görə də heç bir gərginlik və ya narahatlıq hiss etmədim. Hiss etdim ki, bu gün özümüzü göstərməyə hazırıq.

Özümüzü evdə, doğma divarlar arasında inanılmaz dərəcədə rahat hiss edirik. Ötən mövsüm “Real”a qarşı acı məğlubiyyət aldıq. İnsanlar çox deyirlər ki, oyunçularımda xarakter yoxdur. Amma bir il sonra göstərdik ki, bizim xüsusi komandamız var.

Finalda “İnter”lə qarşılaşacağıq. İtaliya komandasının əla heyəti var. Amma bizim bu oyuna psixoloji cəhətdən tam hazırlaşmaq üçün vaxtımız var”.

Xatırladaq ki, “Mançester Siti” ötən mövsüm yarımfinalda məhz “Real”la qarşılaşmış və böyük üstünlüyü əldən vermişdi. Belə ki, doğma meydanda 4:3 hesabıyla qalib gəlmiş ingilislər səfərdə də 1:0 öndə olmaqlarına baxmayaraq, 90-cı dəqiqədən sonra 3 qol buraxmaqla 1:3 hesablı məğlubiyyətə üzülmüş və finala çıxa bilməmişdilər.

“Mançester Siti”ni bu mövsümün finalında İtaliya “İnter”i ilə oyun gözləyir. Həlledici qarşılaşma iyunun 10-da İstanbuldakı Atatürk Olimpiya Stadionunda baş tutacaq.