İngiltərə çempionu “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola çalışdığı klubun mümkün sanksiyalarla üzləşmək ehtimalından söz açıb.
Xatırladaq ki, sabah – sentyabr ayının 16-da “Mançester Siti”nin 115 maliyyə pozuntusu ilə bağlı məhkəmə dinləmələri başlayacaq.
Arena.az AS dərgisinə istinadən məlumat verir ki, “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola bu barədə öz fikrini ifadə edib:
“Mən hüquqşünas deyiləm, nə də Erlinq (Haland) deyil. İspaniyada olduğu kimi, bu ölkədə də çoxlu hüquqşünas var, amma gözləyəcəyəm, görək, nə baş verəcək. Biz hökmü qəbul edəcəyik. Bilirəm ki, mümkün hökmlə bağlı daha çox söz-söhbət, şayiələr olacaq. İnsanların nə gözlədiyini bilirəm. Mən bu barədə son bir neçə il ərzində oxuyuram, amma əksi sübuta yetirilənə qədər heç kim təqsirkar deyil”, deyə , ispan mütəxəssis vurğulayıb.
Xatırladaq ki, “Mançester Siti” 2009-2018-ci illər ərzində maliyyə ədaləti qaydalarını pozmaqda ittiham edilir. “Şəhərlilər”in, həyata keçirdikləri maliyyə ödənişlərini tam açıqlamadıqları güman edilir. Təhqiqat 115 müvafiq qanun pozuntusunu aşkar edib və iş bu pozuntular əsasında açılıb.