Xosep Qvardiola ÇL-də ilk dəfə bu aqibətlə üzləşdi

UEFA Çempionlar Liqasının 1/16 finalının “Real”la cavab oyunu “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola üçün düşərsiz olub.

Arena.az məlumat verir ki, ispan mütəxəssisin komandası 1:3 (ilk oyun 2:3) hesabı ilə məğlub olaraq, qitənin ən nüfuzlu klub yarışı ilə vidalaşıb.

Beləliklə bu oyundakı məğlubiyyət “Pep”in Çempionlar Liqasındakı məşqçilik fəaliyyətinə antirekord əlavə edib. Belə ki, Qvardiola ilk dəfə olaraq Çempionlar Liqasının 1/8 finalında mübarizə aparmayacaq.

Xatırladaq ki, “Barselona” və “Bayern”in sükanı arxasında Qvardiola həmişə Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanmağı bacarıb. “Pep” bu mərhələdə yalnız bir dəfə, Çempionlar Liqasının 2016/2017-ci illər mövsümündə “Mançester Siti” ilə “Monako”ya məğlub olub – Knyazlıq klubu səfər qolları hesabına “şəhərlilər”i mübarizədən kənarlaşdıra bilib. O vaxt evdə 5:3 hesablı qələbə qazanmış “Mançester Siti” səfərdə “Monako”ya 1:3 hesabı ilə məğlub olmuş və Çempionlar Liqasından ələnmişdi.

Xosep Qvardiola Çempionlar Liqasında 3 qalibiyyət əldə edib. “Pep” “Barselona” (2008/2009 və 2010/2011) və “Mançester Siti” (2022/2023) ilə zəfər qazanıb.

“Real”la oyundakı yenilgi həm də “Pep”in cari mövsüm ərzində yaşadığı 13-cü məğlubiyyət olub. Beləliklə Qvardiola bir mövsüm ərzində aldığı məğlubiyyətlərin sayına görə, məşqçilik fəaliyyətində şəxsi antirekorda imza atıb.

Əvvəllər “Pep” bir mövsüm ərzində heç vaxt bu qədər məğlubiyyət acısı dadmamışdı. Göründüyü kimi, ispan mütəxəssis müvafiq antirekordunu daha da “yaxşılaşdırmaq” perspektivi ilə üz-üzədir və bu, çox güman ki, baş verəcək.