Xosep Qvardiola daha bir ilkə imza atdı

“Mançester Siti”nin 2022/23 mövsümü üzrə İngiltərə Premyer Liqasının qalibi olması baş məşqçi Xosep Qvardiola üçün də əlamətdar olub. Arena.az xəbər verir ki, ispaniyalı mütəxəssis 5-ci dəfə İngiltərə çempionu olub.

Nəticədə Qvardiola İngiltərə Premyer Liqasındakı çempionluq sayında Mett Basbi və Tom Uotsona çatıb. Mett Basbi “Mançester Yunayted”lə beş (1951/1952, 1955/1956, 1956/1957, 1964/1965, 1966/1967) dəfə çempion olub. Tom Uotson isə “Sanderlend”lə üç (1891/1892, 1892/1893, 1894/1895) və “Liverpul”la iki dəfə (1900/1901, 1905/1906) bunu bacarıb.

Yalnız Bob Peysli, Corca Remzi (hər ikisi 6 dəfə) və Aleks Ferqyuson (13 dəfə) daha çox İngiltərə çempionu tituluna sahib çıxıblar.

Xatırladaq ki, “Mançester Siti”nin əsas izləyicisi “Arsenal” Premyer Liqanın 37-ci turunda “Nottingem Forest”ə uduzub – 0:1. Bununla da, “Mançester Siti” cari mövsümün çempionu elan edilib. “Şəhərlilər” Qvardiolanın rəhbərliyi altında ardıcıl üçüncü mövsümdür çempion olur. Nəticədə o, Avropanın 3 böyük liqasında 3 fərqli komanda ilə ardıcıl 3 çempionluq qazanan ilk baş məşqçi kimi tarixə düşüb.

Məşqçilik karyerasına İspaniyanın “Barselona” klubunda başlamış Qvardiola, 2009-cu ildən 2011-ci ilə qədər 3 dəfə La Liqanın qalibi olub. 52 yaşlı mütəxəssis 2014-2016-cı illər aralığında da “Bayern”lə Almaniya çempionluğunu bayram edib. İndi isə o, eyni uğuru “Mançester Siti”nin sükanı arxasında təkrarlayıb.

Xosep Qvardiola 2016-cı ildən “Mançester Siti”yə rəhbərlik edir. O, “şəhərlilər”i indiyə qədər 408 matça çıxarıb. Komanda bu görüşlərdə 302 qələbə qazanıb, 48 heç-heçə edib və 58 məğlubiyyətə üzülüb. Mançester təmsilçisi onun rəhbərliyi altında meydana çıxdığı matçlarda 1033 qol vurub, 350 qol buraxıb.

O, 2018/19 mövsümündə bu komandaya İngiltərə Federasiya Kubokunu, 2017/18, 2018/19, 2019/20 və 2020/21 mövsümlərində İngiltərə Liqa Kubokunu da qazandırıb. 2018 və 2019-cu illərdə mançesterlilər İngiltərə Super Kubokunda da ən güclü olublar.

Qvardiola “Barselona” və “Bayern”lə də çoxlu titullar qazanıb. O, baş məşqçilik karyerasında 14 mövsümün 11-ni liqa çempionluğu ilə tamamlayıb. İspan mütəxəssis bütövlükdə bu 3 klubla 33 titula sahib çıxıb: “Barselona” – 14, “Bayern” – 7, “Mançester Siti” – 12.