Xosep Qvardiola gələcəyinə dair suallara aydınlıq gətirdi

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola özünün gələcəyi haqda fikir səsləndirib və bununla da “şəhərlilər”i arxayın salıb.

Arena.az xəbər verir ki, Pep komandanın sükanı arxasındakı gələcəyi ilə bağlı açıqlamasında qətiyyətli mövqe nümayiş etdirib.

Təcrübəli mütəxəssis bildirib ki, növbəti mövsümdə də “Mançester Siti”də qalacaq və heç yerə getmək fikrində deyil:

“Mən növbəti mövsümdə də “Mançester Siti” ilə olacağam. Klubdan getmək haqda düşünmürəm, növbəti mövsümdə də buradayam. İngiltərə Premyer Liqasında bizə qarşı yüzlərlə pozuntu olsa da, arxayın olun. Mən burada olacağam”.

Qvardiolanın bu sözlərini özünün “Twitter” hesabında jurnalist Fabritsio Romano dərc edib.

Xatırladaq ki, Xosep Qvardiola 2016-cı ildən “Mançester Siti”yə rəhbərlik edir. O, “şəhərlilər”i indiyə qədər 409 matça çıxarıb. Komanda bu görüşlərdə 303 qələbə qazanıb, 48 heç-heçə edib və 58 məğlubiyyətə üzülüb. Mançester təmsilçisi onun rəhbərliyi altında meydana çıxdığı matçlarda 1034 qol vurub, 350 qol buraxıb.

Qvardiola “şəhərlilər”lə 5 dəfə (2017/2018, 2018/2019, 2020/2021, 2021/2022, 2022/2023) İngiltərə çempionu olub. O, 2018/2019 mövsümündə bu komandaya İngiltərə Federasiya Kubokunu, 2017/2018, 2018/2019, 2019/2020 və 2020/2021 mövsümlərində İngiltərə Liqa Kubokunu da qazandırıb. 2018 və 2019-cu illərdə mançesterlilər İngiltərə Super Kubokunda da ən güclü olublar.

İspan mütəxəssis “Barselona” və “Bayern”lə də çoxlu titullar qazanıb. O, baş məşqçilik karyerasında 14 mövsümün 11-ni liqa çempionluğu ilə tamamlayıb. İspan mütəxəssis bütövlükdə bu 3 klubla 33 titula sahib çıxıb: “Barselona” – 14, “Bayern” – 7, “Mançester Siti” – 12.

“Şəhərlilər” Pepin rəhbərliyi altında iki dəfə UEFA Çempionlar Liqasının finalına yüksəliblər. 2021-ci ildə “Çelsi”yə yenilmiş Qvardiolanı iyunun 10-da İstanbul “Olimpiya” stadionunda Milan “İnter”i ilə Çempionlar Liqası finalında həlledici oyun gözləyir.