UEFA Çempionlar Liqasının qalibi olan “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola növbəti mövsümlə bağlı danışmaqdan imtina edib.
Arena.az xəbər verir ki, o, ötən gecə Milan “İnter”i üzərində 1:0 hesablı qələbəyə sevindikləri final matçından sonra növbəti mövsüm haqda suala belə cabab verib:
“Yox, indi bu barədə danışmayaq, indi mənə fasilə lazımdır. Rəhbərimiz xoşhallandı ki: “Ah, Çempionlar Liqasının növbəti finalı Londondadır”. Ona nə cavab verdiyimi sizə deməyəcəyəm.
İndi qələbəni qeyd etmək zamanıdır. Bəli, elə komandalar var ki, Çempionlar Liqasını qazanıb, yox olurlar. Bunun qarşısını almalıyıq. Məni tanıyaraq, bunun baş verməyəcəyini deyim. Amma bu kuboku qazanmaq böyük rahatlıq gətirdi. İndi bizdən bu barədə soruşulmur”.
Xatırladaq ki, Çempionlar Liqasının finalı çərçivəsində “Mançester Siti” “İnter”i minimal hesabla məğlub edərək mövsümü “trebl”lə başa vurub: komanda Premyer Liqanı, İngiltərə Federasiya Kubokunu və Çempionlar Liqasını qazanıb. Beləliklə də Pep, Ser Aleks Ferqyusonun rəhbərlik etdiyi “Mançester Yunayted”in 1999-cu ildəki rekordunu təkrarlayıb.
Bununla yanaşı, Xosep Qvardiola ikinci “trebl”ə nail olmuş, həm də bunu iki fərqli komanda ilə etmiş ilk məşqçi kimi tarixə düşüb.


