“Mançester Siti”nin baş məşqçisi, ispan mütəxəssis Xosep Qvardiola məşqçilik karyerasının gələcəyi ilə bağlı söhbət açıb.
Arena.az xatırladır ki, daha əvvəl, “Pep” İngiltərə yığma komandasını çalışdırmaq fikrində olmadığını bildirmişdi.
“Mən harada məşqçilik edəcəyimi indi bilmirəm. Əgər Roberto Bacco mənim köməkçim olarsa, mən İtaliyaya gələcəyəm”, – Qvardiola “Che Tempo Che Fa” televiziyasını efirində bildirib.
Xatırladaq ki, Xosep Qvardiola və Roberto Bacco 2000-ci illərin əvvəllərində İtaliyanın “Breşiya” klubunda birlikdə çıxış ediblər. Hazırda “Pep” “Mançester Siti”ni çalışdırır, “İlahi quyruqcuq” ləqəbi ilə məşhur Roberto Bacco isə İtaliya yığma komandasının texniki direktorudur.
Xosep Qvardiola “Mançester Siti”ni 2016-cı ilin iyul ayından çalışdırır. İspan mütəxəssisin “şəhərlilər”lə cari əmək müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. “Şəhərlilər” bu müddətdə “Pep”in rəhbərliyi altında 483 oyun keçiriblər, 357 qələbə qazanıblar, 60 heç-heçə ediblər, 66 məğlubiyyətə üzülüblər. Top fərqi isə 1227:435 nisbətindədir.
Bu müddətdə “Pep” “Mançester Siti”nin futbol tarixinin ən şanlı salnaməsini yaradıb. Qvardiola “şəhərlilər”ə 6 dəfə İngiltərə Premyer Liqasını, 2 dəfə İngiltərə Kubokunu, 4 dəfə İngiltərə Liqa Kubokunu, 3 dəfə İngiltərə Super Kubokunu, UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klub Dünya Kubokunu qazandırıb.
Xatırladaq ki, 53 yaşlı “Pep” “Mançester Siti”dən öncə “Barselona” və “Bayern”i də uğurla çalışdıraraq, çoxlu qənimətlər qazandırıb.
2024/2025-ci illər mövsümünün sonunda Qvardiolanın “Mançester Siti”dən ayrılacağına dair xəbərlər dolaşır. Amma ondan sonra ispan məşqçinin harada çalışacağı dəqiq bilinmir.


