İngiltərənin “Mançester Siti” komandasının baş məşqçisi Xosep Qvardiola UEFA Çempionlar Liqasında antirekorda şərik olub. Arena.az xəbər verir ki, bu, onun komandasının yarımfinalda Madrid “Real”ına (İspaniya) 1:3 hesabıyla uduzduğu cavab matçında (ilk oyun 4:3) gerçəkləşib.
Belə ki, ispaniyalı mütəxəssis karyerasında 6-cı dəfə Çempionlar Liqasında finalın bir addımlığında uduzdu. 51 yaşlı məşqçi “Mançester Siti” ilə ilk dəfəydi yarımfinalda uduzurdu. O, daha öncə “Barselona” ilə iki (2010 və 2012-ci illərdə), “Bayern” ilə də üç (2014, 2015 və 2016-cı illərdə) dəfə finalın bir addımlığında dayanıb.
Qvardiola bu göstəriciyə görə hazırda İtaliyanın “Roma” komandasını çalışdıran Joze Mourinyoya çatıb. Portuqaliyalı mütəxəssis isə üç dəfə “Çelsi” (2004/05, 2006/07 və 2013/14 mövsümlərində), üç dəfə də “Real”la (2010/11, 2011/2012 və 2012/13 mövsümlərində) finalın bir addımlığında dayanıb.
Xosep Qvardiola karyerasında 33 dəfə iki oyunlu rəqabətin ilk matçında qalib gəlib və bunun 31-də mərhələ adlayıb. İspaniyalı yalnız 2017-ci ildə “Monako” və bu mövsüm “Real” önündə bu uğuru təkrarlaya bilməyib.


