Xosep Qvardiola: “Kevin de Bröyne yaxşı şərab kimidir”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “şəhərlilər”in belçikalı yarımmüdafiəçisi Kevin De Bröynenin çıxışı haqda danışıb.

Arena.az “Sky Sports” dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Kevin yaşa dolduqca yalnız yaxşılaşır, gözəl şərab kimi! O, güman ki, “Brunello di Montalçino” və ya “Sassikayya”dır (qırmızı şərab növləri – redaktorun qeydi). Zədəsindən sonra De Bröyne təkcə fiziki deyil, həm də zehniyyət cəhətdən çox təzə qayıtdı. Onun komandanın uğurunda töhfəsi həmişə xüsusidir və özü də xüsusidir”, deyə Xosep Qvardiola yetirməsi haqda ağızdolusu danışıb.

De Bröyne “Mançester Siti”yə 2015-ci ilin avqustunda 76 milyon avro qarşılığında “Volfsburq”dan keçib. Belçikalı hücumameylli yarımmüdafiəçinin “Mançester Siti” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2022/2023 mövsümündə De Bröyne “şəhərlilər”in heyətində aparıcı futbolçulardan biri olub. Belçikalı oyunçu ötən mövsüm “Mançester Siti”nin heyətində 49 oyuna çıxıb. Kevin bu oyunlarda 10 qol vurub, 31 məhsuldar ötürmə verib.

Cari mövsümdə isə De Bröyne mövsümn ilk yarısının böyük bir hissəni zədəli olub və meydana qayıtdıqdan sonra 9 oyun keçirib, 2 qol vurub, 8 məhsuldar ötürmə ilə fərqlənib.

Kevin De Bröyne 2010-cu ilin avqustunda debüt etdiyi Belçika yığmasının heyətində 99 oyun keçirib, 26 qol vurub, 49 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı belçikalı hücumameylli yarımmüdafiəçisinin transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.