“Mançester Siti”nin baş məşqçisi, ispan mütəxəssis Xosep Qvardiola İngiltərə klubundakı gələcəyi ilə bağlı sualı cavablayıb.
Arena.az “City Xtra” dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə cavabını təqdim edir:
“Səkkiz il “Mançester Siti”də işləmişəm. Burada daha bu qədər qalmaq fikrində deyiləm, amma bu, getməyim demək deyil. Bir klubda bu qədər vaxt – əbədiyyətdir. Əmin olmaq istəyirəm ki, ayrılmaq və ya işləməyə davam etmək qərarım təkcə mənim üçün deyil, klub və oyunçular üçün də doğru qərar olsun. Getmək qərarına gələndə, bunu bildirəcəyəm. Gəlin, görək nə baş verir. Müqaviləmin müddətinin uzadılması ehtimalını tamamilə istisna etmirəm. Mən qalmaq istərdim”, deyə “Pep” vurğulayıb.
Qvardiola “şəhərlilər”in mümkün cari yay transferləri haqda da fikrini bildirib. İspan mütəxəssis klubun hər hansı transfer həyata keçirməsini yalnız hazırkı oyunçulardan birinin komandadan ayrılacağı təqdirdə baş verəcəyini bildirib:
“Saviodan sonra başqa kimsə ilə müqavilə? ? İndi – yox… Əgər transfer pəncərəsinin qalan müddətində kimsə düşərgəmizdən ayrılsa, bu, mümkündür. Amma heç kim getməsə, məncə, indiki heyətlə də qalacağıq”.
Xosep Qvardiola qalib heyəti qorumaq və təkmilləşdirmək əsası üzərindən fikir yürüdür. Xatırladaq ki, “şəhərlilər” ötən mövsüm ardıcıl 4-cü dəfə İngiltərə Premyer Liqasının qalibi olmaqla, tarixi rekorda imza atıblar. “Mançester Siti” cari heyətlə ötən mövsümün uzun və ağır yürüşünü uğurla başa vurub. Göründüyü kimi, “Pep”in “şəhərlilər”i bu rekordu daha da yaxşılaşdıra bilərlər.
Qvardiola “Mançester Siti”ni 2016-cı ilin iyul ayından çalışdırır. İspan mütəxəssisin “şəhərlilər”lə cari əmək müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. “Şəhərlilər” bu müddətdə “Pep”in rəhbərliyi altında 472 oyun keçiriblər, 349 qələbə qazanıblar, 57 heç-heçə ediblər, 66 məğlubiyyətə üzülüblər.
Bu müddətdə “Pep” “Mançester Siti”nin futbol tarixinin ən şanlı salnaməsini yaradıb. Qvardiola “şəhərlilər”ə 6 dəfə İngiltərə Premyer Liqasını, 2 dəfə İngiltərə Kubokunu, 4 dəfə İngiltərə Liqa Kubokunu, 2 dəfə İngiltərə Super Kubokunu, UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klub Dünya Kubokunu qazandırıb.
Xatırladaq ki, “Pep” “Mançester Siti”dən öncə “Barselona” və “Bayern”ə də çoxlu qənimətlər qazandırıb.