Xosep Qvardiola “Mançester Siti”yə mümkün cəza haqda danışdı

“Mançester Siti”nin baş məşqçisi, ispan mütəxəssis Xosep Qvardiola “şəhərlilər”i gözləyən mümkün sanksiyalar haqda məlumatı şərh edib.

Arena.az bu barədə “Manchester Evening News” dərgisinə istinadən məlumat verir.

Xatırladaq ki, daha öncə mətbuatda “Mançester Siti”nin maliyyə feyr-pley qaydalarını pozduğu sübut olunarsa, Premyer Liqadan qovulacağı ilə bağlı məlumatlar yayılıb.

Qvardiola belə bir cəzanın olub-olmaması ilə bağlı danışıb və bu cəzanın müqabilində onun İngiltərə klubundakı vəzifəsini tərk edib-etməyəcəyi haqda sualı cavablayıb:

“Siz bu sualı elə verirsiniz ki, sanki biz nə vaxtsa cəzalanmışıq. Təqsirimiz sübuta yetirilənə qədər təqsirsizik. İnsanların bunu istədiyini bilirəm. Mən bunu bilirəm və hiss edirəm. Hələlik, gözləyin, görərsiniz ki, günahkar hökmü çıxarsa, gəlib burada baş verənləri izah edəcəyik. Amma böyük ehtimalla, İngiltərə birinci liqasına düşsək belə, klubda qalacağam. Çempionlar Liqasını qazanmaqdansa, Premyer Liqada qalmaq imkanımız daha yüksəkdir”, deyə “Pep” bildirib.

Həmçinin Xosep Qvardiola daha əvvəl Premyer Liqada maliyyə qaydalarını pozduğuna görə 10 xalından məhrum edilmiş “Everton”la eyni məsələdə ittiham edilən “Mançester Siti” arasında paralellər aparmağı düzgün hesab etmir:

“Everton” haqqında bir söz deməyəcəyəm, çünki həqiqətən nə baş verdiyini bilmirəm. Bunlar tamamilə fərqli iki haldır. Əlbəttə, siz oxuyursunuz ki, biz aşağıya yuvarlanmalıyıq, amma əsl vəziyyəti heç kim bilmir. Bunu deyənlərin hamısının tam məlumatı yoxdur. Ancaq bir ay əvvəl dediklərimi xatırlayın – nəyisə pozmuşuqsa, cəzalandırılacağıq. Hüquqşünaslardan bildiyim odur ki, “Everton”la bağlı vəziyyət tamamilə fərqlidir”, deyə ispan mütəxəssis bu xüsusda fikrini yekunlaşdırıb.

Xatırladaq ki, daha əvvəl hesabından 10 xal silinmiş “Everton” hazırda 12 tura əsasən 4 xalla Premyer Liqanın turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb. Cari mövsümdə avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Everton” hazırda Premyer Liqanın zirzəmisindən qurtulmaq üçün çabalamalı olacaq. Öz növbəsində Liverpul təmsilçisinin rəhbərliyi Premyer Liqanın müvafiq qərarından şikayətçi olacağını da rəsmən bəyan edib.