Xosep Qvardiola: “MS ilə ÇL-i qazanmaq üçün alışıb-yanıram”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının finalında “İnter”lə qarşılaşacaqları oyundan gözləntilərini paylaşıb.

Arena.az “Sky Sports”a istinadən ispan mütəxəssisin fikirlərini diqqətinizə çatdırır:

“Favorit statusumuz? Turnirin bütün tarixini nəzərə alsaq, “İnter” bizdən üstündür, amma bunun fərqi yoxdur. Favorit olmağınız vacib deyil. Sabah İstanbul vaxtı ilə saat 22:00-da ən yaxşı nəticəni əldə etməyimiz çox vacibdir. Həmin gün “İnter” və “Siti” azarkeşləri oyundan zövq ala və bayram edə biləcəklər. Keçmişdə baş vermişlər elə, keçmişdə qaldı, Çempionlar Liqası isə inanılmaz turnirdir. Biz ən yaxşı oyunumuzu göstərməyə hazırlaşırıq və əylənməyə çalışacağıq.

Halandın forması haqda? Mən burada Erlinq Halandın qol vurmasından danışmağa gəlməmişəm. Sizin, Halandın qol vurmağa qadir olmasına şübhəniz varsa, o halda, bu qəbildən yeganə adamsınız. Mənim heç bir şübhəm yoxdur. Sabah o, bizə Çempionlar Liqasını qazanmağımıza kömək etməyə hazır olacaq.
Çempionlar Liqasını qazanmaq – arzumdur. Möhtəşəm nəyəsə nail olmaq üçün hər zaman bir az “xəstəsi” olmalısan – bu, müvafiq məzmunda müsbət bir sözdür. Mən bu arzu ilə alışıb yanıram”.

Xatırladaq ki, Xosep Qvardiola bir dəfə (2020/2021 mövsümündə) “Mançester Siti”ni UEFA Çempionlar Liqasında finala çıxarsa da, qalib olmağı bacarmayıb. Həmin vaxt İngiltərənin digər təmsilçisi “Çelsi” ilə final oyunu “şəhərlilər”in 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

“Mançester Siti” tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qalibi ola bilər.