“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola 2023-cü ilin ən yaxşı məşqçisi mükafatını qazandıqdan sonra bu barədə danışıb.
Arena.az məlumat verir ki, mükafat ispan mütəxəssisə Londonda “The Best FIFA Football Awards 2023” mərasimində təqdim edilib.
Geridə qalmış 2022/2023 mövsümündə 52 yaşlı mütəxəssis “Mançester Siti”yə trebl qazandırıb. Belə ki, “şəhərlilər” İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun və UEFA Çempionlar Liqasının qalibi olublar. Ümumilikdə “Mançester Siti” 2023-cü ildə 5 kubok qazanıb, sadalananlarla yanaşı, UEFA Super Kuboku və FIFA Klub Dünya Kuboku.
“Sizə böyük təşəkkür edirəm. Mən bu mükafatı və bu anı “Mançester Siti” və sahiblərimizlə bölüşmək istəyirəm. Məşqçilər qərargahı və öz adımdan futbolçularımıza bu illər ərzində bu klub üçün etdiklərinə görə təşəkkür etmək istəyirəm, ona görə də bu yolda istisnasız olaraq hər kəsə təşəkkür edirəm. Mənim üçün hər səhər işə gəlmək şərəf idi.
Burada olan atama təşəkkür edirəm, onun 92 yaşı var, onun burada olduğuna görə çox şadam”, – “Yahoo Sports” “Pep”in sözlərindən sitat gətirir.
Xatırladaq ki, Xosep Qvardiola “Mançester Siti”ni 2016-cı ilin iyul ayından çalışdırır. İspan mütəxəssisin “şəhərlilər”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Ümumiyyətlə “Pep” “Mançester Siti”yə tarixinin ən şanlı dövrünü yaşadıb. Təcrübəli mütəxəssis “şəhərlilər”ə bütün mümkün qənimətləri qazandırıb.
Qvardiola daha öncə İspaniyanın “Barselona” və Almaniyanın “Bayern” komandalarının da baş məşqçisi olub.
