“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “şəhərlilər”in portuqal yarımmüdafiəçisi Bernardo Silvanı çıxışını qiymətləndirib.
Arena.az ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Biz bəxtəvərik ki, Bernardo Silva kimi oyunçumuz var. O, mənim üçün xüsusi oyunçudur. Bernardo inanılmazdır və meydanda fəaliyyəti ilə hamımız üçün böyük nümunədir”, deyə Xosep Qvardiola vurğulayıb.
Xatırladaq ki, Bernardo Silva “Benfika”nın yetirməsidir. 2014-cü ilin avqustunda “Monako”ya icarəyə verilmiş Silva 2015-ci ilin yanvarında tamhüquqlu əsasda knyazlıq klubuna transfer edilib. 2017-ci ilin iyulunda isə “Mançester Siti” 50 milyon avro müqabilində Bernardo Silvanı heyətinə qatıb. Silvanın “Mançester Siti” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Bernardo Silva “Mançester Siti”nin heyətində bütün yarışlarda 24 oyuna 2 qol və 4 məhduldar ötürmə ilə fərqlənib. Silvanın “şəhərlilər”in heyətində çıxışının ümumi mənzərəsi belədir: 379 oyun, 68 qol, 70 məhsuldar ötürmə.
Portuqal yarımmüdafiəçi “Mançester Siti” ilə 6 dəfə İngiltərə Premyer Liqasının, 2 dəfə İngiltərə Kubokunun, 4 dəfə İngiltərə Liqa Kubokunun, 3 dəfə İngiltərə Super Kubokunun, UEFA Çempionlar Liqasının, FIFA Klub Dünya Kubokunun qalibi olub. Həmçinin Silvanın muzeyində “Benfika” ilə Portuqaliya çempionluğu, Portuqaliya Kuboku, Portuqaliya Liqa Kuboku və “Monako” ilə Fransa çempionluğu var. Silva 2019-cu ildə Portuqaliyada ilin futbolçusu seçilib.
Bernardo Silva 2015-ci ilin mart ayında debüt etdiyi Portuqaliya yığmasının heyətində 98 oyuna çıxıb, 13 qol vurub və 28 məhsuldar ötürmə verib. Silva Portuqaliya yığması ilə 2019-cu ildə UEFA Millətlər Liqasının qalibi olub.
“Transfermarkt” internet-portalı 30 yaşlı portuqal hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.