Xosep Qvardiola onu ittiham edən azarkeşləri cavabladı

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola onu futbolu darıxdırıcı etməkdə ittiham edən azarkeşləri cavablayıb.

Arena.az “Goal” dərgisinə istinadən məlumat verir ki, ispan mütəxəssis ona müvafiq sualı ünvanlamış bir azarkeşə cavabı ilə, bu timsalla müvafiq fikirdə olan bütün azarkeşləri cavablayıb.

Vurğulayaq ki, azarkeş öz sualına Qvardiolanın oyunçulardan ötürmələrlə oynamağı tələb etməsilə, onların meydanda istedadını nümayiş etdirməsinə mane olması barədə iddiasını da əlavə edib.
“Pep” isə heç kefini pozmayıb:

“Azarkeşlər məni futbolu darıxdırcı etməkdə təqsirləndirirlər? Bu, yaxşıdır. Bəli, bir fitnə-fəsadı yoxdur, məni günahlandırın. Meydanda istedada ehtiyacınız var? İstədiyiniz kimi düşünə bilərsiniz”, deyə Qvardiola vurğulayıb.

Xosep Qvardiola “Mançester Siti”ni 2016-cı ilin iyul ayından çalışdırır. İspan mütəxəssisin “şəhərlilər”lə cari əmək müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. “Şəhərlilər” bu müddətdə “Pep”in rəhbərliyi altında 472 oyun keçiriblər, 349 qələbə qazanıblar, 57 heç-heçə ediblər, 66 məğlubiyyətə üzülüblər.

Bu müddətdə “Pep” “Mançester Siti”nin futbol tarixinin ən şanlı salnaməsini yaradıb. Qvardiola “şəhərlilər”ə 6 dəfə İngiltərə Premyer Liqasını, 2 dəfə İngiltərə Kubokunu, 4 dəfə İngiltərə Liqa Kubokunu, 2 dəfə İngiltərə Super Kubokunu, UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klub Dünya Kubokunu qazandırıb.

Xatırladaq ki, “Pep” “Mançester Siti”dən öncə “Barselona” və “Bayern”i də uğurla çalışdıraraq, çoxlu qənimətlər qazandırıb.