“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunun PSJ ilə səfər oyununu şərh edib.
Arena.az məlumat verir ki, “şəhərlilər” oyunun gedişində 2:0 hesablı üstünlük yaxalasalar da, Fransa nəhəngi möhtəşəm geri-dönüş edərək, yekunda 4:2 hesablı qələbəni bayram edib.
“Birinci hissədə bizim fürsətlərimiz vardı, onların da imkanları oldu. Onlar daha yaxşı idilər. Biz qollarımızı beşcə dəqiqəyə vurduq, onlar da beş dəqiqəyə iki qol vurdular. Buraxdığımız birinci qolun öhdəsindən gələ bilmədik, bu, bir növ nokaut idi. Bu zaman onlar dirçəlib ayağa qalxdılar. Onlar daha yaxşı, daha sürətli idilər və bütün təkbətək mübarizələri qazandılar. Biz isə bunun öhdəsindən gələ bilmədik”, – “Mirror” nəşri ispan mütəxəssisdən sitat gətirir.
“Pep” “şəhərlilər”in UEFA Çempionlar Liqasının ələmə mərhələsinə vəsiqə qazanma ehtimalı ilə bağlı sualı da cavablayıb:
“Çempionlar Liqasından “uçmaq”? Bu, baş verə bilər. Əgər biz son oyunda qalib gələ bilməsək, o zaman hansı ələmə mərhələsindən danışmaq olar ki? Biz buna layiq deyilik. Bu, gerçəklikdir, kifayət qədər xal toplaya bilməmişik və biz bunu qəbul etməliyik. Evdə “Brügge” ilə son fürsətimiz var… Qələbə qazanmaq üçün oynamaq gərəkdir. Nəticəni qorumaq üçün topa nəzarət etmək lazımdır…”, – “Sky Sports” dərgisi ispan mütəxəssisdən sitat gətirir.
Xosep Qvardiola həmçinin yarış cədvəlində “Mançester Siti”nin 25-ci pillədə yer almasının nə dərəcədə ədalətli olması ilə bağlı sualı cavablayıb:
“Yarış cədvəlində tutduğumuz yer ədalətlidirmi? Əlbəttə, bu, ədalətlidir. Bunun ədalətsiz olduğunu söyləmək üçün hansı dəlil var? Bununla belə, biz bu mövqedəyik, amma biz ən yaxşı komandalara qarşı mübarizə aparmışıq. Biz bunu qəbul edib bərpa olmalıyıq”, deyə “Pep” vurğulayıb.
7 oyunda 8 xal toplamış “Mançester Siti” Çempionlar Liqasının Liqa mərhələsinin yarış cədvəlində 25-ci pillədə qərarlaşıb. “Şəhərlilər”i Çempionlar Liqasının ələmə mərhələsinə vəsiqə verən sonuncu –24-cü pillədən 2 xal ayırır. “Mançester Siti”nin Çempionlar Liqası ilə vidalaşa biləcəyi ehtimalı hələ də qalır.
PSJ isə 10 xalla 22-ci pillə yer alıb.