“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola komandasının Çempionlar Liqasındakı qələbəsindən sonra UEFA və FIFA-ya müraciət ünvanlayıb.
Arena.az BBC-yə istinadən xəbər verir ki, Qvardiola Milan “İnter”i ilə ötən gecə baş tutan həlledici matçdan (1:0) sonra mövsüm ərzində oyun sayının çoxluğundan şikayətlənib:
“Növbəti mövsüm haqqında düşünməyə halım yoxdur, bu, mümkün deyil. Bizə fasilə lazımdır. İndi isə futbolçularımızı beynəlxalq oyunlar gözləyir. UEFA və FIFA, bu barədə düşünün. Premyer Liqa iki-üç həftə əvvəl başa çatıb, indi isə oyunçular qayıtmalıdırlar”.
Xatırladaq ki, iyunda Avropa çempionatının təsnifat mərhələsinin növbəti turu keçiriləcək.
Xatırladaq ki, “İnter”i minimal hesabla məğlub etmiş “Mançester Siti” tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub. Xosep Qvardiola isə 2011-ci ildən bu yana ilk dəfə qitənin ən nüfuzlu turnirində yenidən qalib olmağı bacarıb. Pep bu qələbə ilə həm də “trebl”ə imza atıb: Premyer Liqanı, İngiltərə Federasiya Kubokunu və Çempionlar Liqasını qazanıb. Beləliklə də Pep, Ser Aleks Ferqyusonun rəhbərlik etdiyi “Mançester Yunayted”in 1999-cu ildəki rekordunu təkrarlayıb. Bununla yanaşı, Pep ikinci “trebl”ə nail olmuş, həm də bunu iki fərqli komanda ilə etmiş ilk məşqçi kimi tarixə düşüb.


