Xuan Bernat PSJ-nı tərk etdi – “Xetafe”yə görə

Fransa çempionu PSJ-nin sol cinah müdafiəçisi Xuan Bernat Paris klubundan birdəfəlik ayrılaraq La Liqa təmsilçisi “Xetafe”yə keçib.

Arena.az bu barədə İspaniya klubunun rəsmi saytına istinadən xəbər verir.

Bernat yeni klubu ilə bu mövsümün sonunadək nəzərdə tutulmuş müqavilə imzalayıb.

Xuan Bernat “Valensiya”nın yetirməsidir. İspaniya klubu onu 2014-cü ildə 10 milyon avroya Almaniya nəhəngi “Bayern”ə satmışdı. PSJ isə Bernatı 2018-ci ilin avqustunda 5 milyon avro müqabilində heyətinə cəlb etmişdi. Müdafiəçi Paris klubunun heyətində 128 oyun keçirib, 8 qol və 15 məhsuldar ötürmə müəllifi olub. Bernat 2023/2024 mövsümünü “Benfika”da icarədə keçirib. Bu mövsümün əvvəlində isə müdafiəçi La Liqanın digər klubu “Vilyarreal”a icarəyə verilmişdi. “Vilyarreal” 31 yaşlı ispan futbolçunu bu mövsümün sonuna kimi icarəyə götürmüşdü. Amma Bernat karyerasını “Xetafe”də davam etdirmək istədiyi üçün “Vilyarreal”ı da vaxtından öncə tərk edib.

2014-cü ildə İspaniya yığmasında debüt etmiş müdafiəçi, millinin heyətində 14 oyun keçirib, 1 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

“Vilyarreal”ın mərkəz yarımmüdafiəçisi Ramon Terrats da “Xetafe”yə icarəyə verilib. 24 yaşlı ispan futbolçu bu mövsümün sonunadək icarədə olacaq. Yarımmüdafiəçi daha öncə “Sent Andreu”, “Jirona” kimi klublarda da forma geyinib.

“Xetafe”də də ayrılıq yaşanıb. La Liqa təmsilçisi mərkəz yarımmüdafiəçisi Karles Alenanı “Alaves”ə icarəyə verib. 27 yaşlı futolçu bu mövsümün sonunadək icarədə çıxış edəcək. “Barselona”nın yetirməsi olan Karles “Betis”də də oynayıb. O, İspaniyanın U-16, U-17, U-19 və U-21 yığmalarının da formasını geyinib.

Karles Alenanı heyətinə qatmış “Alaves”in iki futbolçusu isə “Qranada”ya keçib. Hücumameyilli yarımmüdafiəçi Stoiçkovun satışı “Alaves”ə 2,5 milyon avro qazandırıb. 31 yaşlı ispan futbolçu yeni klubu ilə 2,5 illik müqavilə imzalayıb. Tam adı Xuan Dieqo Molina Martines olan “Stoiçkov” ləqəbli yarımmüdafiəçi karyerası ərzində “Eybar”, “Sabadell”, “Alkorkon”, “Malyorka”, “Linense”, “San Roke” kimi klublarda da çıxış edib.

“Alaves”in sol cinah müdafiəçisi Abde Rebbaş isə bu mövsümün sonunadək “Qranada”da icarədə olacaq. 26 yaşlı ispan futbolçu daha öncə “Aurrera”, “San İqnasio” kimi klublarda da forma geyinib.