Xuan Mata da “Mançester Yunayted”dən getdi

İngiltərənin “Mançester Yunayted” klubu yarımmüdafiəçisi Xuan Mata ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.

33 yaşlı yarımmüdafiəçi ilə başa çatan müqavilə yenilənməyib. “Mançester Yunayted” Mataya bu sözlərlə vida edib: “Karyeranızın səkkiz ilini “Mançester Yunayted”ə həsr etdiyiniz üçün təşəkkür edirik, Xuan. Klubdakı hər kəs sizə gələcək üçün ən yaxşısını arzulayır”.

Xuan Mata 2014-cü ilin yanvarından “Mançester Yunayted”in uğurları üçün çalışırdı. İspaniyalı futbolçu bu komandada 285 oyun keçirib, 51 qol vurub. O, bu klubla 4 kubok qazanıb. Belə ki, bir dəfə İngiltərə Federasiya Kubokunun, bir dəfə İngiltərə Liqa Kubokunun, bir dəfə İngiltərə Super Kubokunun qalibi olan Mata, Avropa Liqasında da zəfər sevinci yaşayıb.

Madrid “Real”ının yetirməsi olan Mata, “Mançester Yunayted”dən öncə “Çelsi” və “Valensiya”nın da uğurları üçün çalışıb. Onunla sabiq klubu “Valensiya”nın yaxından maraqlandığı bildirilir. İspaniyanın digər klublarından “Betis” və “Real Sosyedad” da təcrübəli yarımmüdafiəçinin xidmətində maraqlıdır. Ölkəsinin yığmasında 41 oyun keçirmiş futbolçu, 10 qolla yadda qalıb.

“Mançester Yunayted” əvvəlki günlərdə Pol Poqba və Cessi Linqardla da yollarını ayırmışdı.