Xuanmi Latasa “Real”ı “Valyadolid”ə dəyişdi

Madrid “Real”ının hücumçusu Xuanmi Latasa bundan sonra La Liqanın digər təmsilçisi “Valyadolid”in uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Valyadolid”in rəsmi saytına istinadən məlumat verir.

Transferin maddi detalları açıqlanmır. 23 yaşlı ispan forvard yeni klubu ilə 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə bağlayıb.

Xuanmi Latasa “Real”ın yetirməsidir. İspaniyalı forvard “kral klubu”nun əsas komandasında cəmi 1 oyun keçirib. O, 2022-2024-cü illər aralığında “Xetafe”də icarədə olub. Bu komandada 57 oyun keçirmiş futbolçu 7 qola imza atıb.

Latasa İspaniyanın U-19, U-20 və U-23 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

İngiltərənin “Arsenal” klubunun estoniyalı qapıçısı Karl Yakob Heyn də “Valyadolid”ə keçib. La Liqa təmsilçisi 22 yaşlı qolkiperi qarşıdakı mövsümün sonuna kimi icarəyə götürüb.

Estoniyanın “Nomme Yunayted” klubunun yetirməsi olan Karl Heyn, 2018-ci ildən “Arsenal”dadır. O, “topçular”ın əsas komandasında cəmi 1 oyuna çıxıb, 3 qol buraxıb. “Arsenal” gənc qapıçısını 2022-ci ildə “Ridinq”ə də icarəyə vermişdi. Estoniyanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış Heyn, 2020-ci ildən əsas millidə çıxış edir – 30 oyun, 50 buraxılmış qol və 7 “quru” matç.

Yeri gəlmişkən, “Valyadolid” mərkəz yarımmüdafiəçisi Monçu ilə də yollarını ayırıb. 24 yaşlı ispan futbolçu 3,6 milyon avro qarşılığında Yunanıstanın “Aris” (Saloniki) klubuna transfer olunub. O, yeni klubu ilə 5 illik müqaviləyə imza atıb.

Tam adı Ramon Rodriqes Ximenes olan Monçu, “Barselona”nın yetirməsidir. “Jirona” və “Qranada” kimi klublarda da oynamış yarımmüdafiəçi, “Valyadolid”in heyətində 92 oyuna çıxıb, 11 qol və 9 assistlə yadda qalıb.