Xulian Alvares: “Döymə etdirməyə ehtiyac görmürəm”

Argentina millisinin və Madrid “Atletiko”sunun mərkəz hücumçusu Xulian Alvares nə üçün döymə etdirmədiyi ilə bağlı sualı cavablayıb.

Arena.az 25 yaşlı futbolçunun müvafiq cavabını təqdim edir:

“Yığma komandada necəsə diqqət etdilər ki, döyməsi olmayan yeganə kəsəm. Amma bununla digərlərindən fərqlənməyə cəhd etmirəm. Atam uşaqlığımda mənə deyərdi ki, həyatında heç bir döymə, siqaret və alkoqol olmasın. Böyüdükdən sonra isə qərarlarımı özüm qəbul edə bilirəm, amma döymə etdirməyə ehtiyac görmürəm”, deyə Alvares vurğulayıb.

Xatırladaq ki, Xulian Alvares Argentinanın “River Pleyt” klubunun yetirməsidir. Argentinalı futbolçunun Avropa səfəri “Mançester Siti” ilə başlayıb. “Atletiko” Xulian Alvaresi 2024-cü ilin avqustunda 75 milyon avro məbləğ müqabilində “Mançester Siti”dən öz heyətinə qatıb. Alvaresin “döşəkçilər”lə müddəti 2030-cu ilə qədər qüvvədə olacaq müqaviləsi mövcuddur.

Alvares “Atletiko”nun heyətində meydana çıxdığı 72 oyunda 38 qol vurub, 12 məhsuldar ötürmə müəllifi olub.

Xulian Alvares 2021-ci ilin iyununda debüt etdiyi Argentina yığmasının heyətində 49 oyuna çıxıb, 13 qol vurub, 4 məhsuldar ötürmə verib. Alvares “albiseleste” ilə 2022-ci ildə dünya çempionatının qalibi olub. O, yığmanın heyətində 2 dəfə Amerika Kubokunu (2020/2021, 2023/2024) də qazanıb. 2021/2022 mövsümündə isə o, yığma ilə Finalissimanın qalibi olub. Argentinalı hücumçu klub futbolundakı titullarının əksərini isə “Mançester Siti” ilə qazanıb.

“Transfermarkt” internet-portalı 25 yaşlı argentinalı mərkəz hücumçusunun transfer dəyərini 100 milyon avro məbləğin qiymətləndirir.