Xulian Alvares öz gələcəyi barədə sualı cavabladı

“Mançester Siti”nin hücumçusu Xulian Alvares PSJ və “Atletiko”nun özünə olan marağı mənzərəsində gələcəyi ilə bağlı sualı cavablayıb.

Arena.az argentinalı futbolçunun bu barədə cavabını təqdim edir:

“Bu transfer şayiələri haqqında danışılır, amma mən sakitəm. “Mançester Siti”də özümü rahat və xoşbəxt hiss edirəm. Gəlin görək gələcəkdə nə olacaq”, deyə Alvares bildirib.

Xatırladaq ki, Xulian Alvares “Mançester Siti”yə 2022-ci ilin yanvarından Argentinanın “River Pleyt” klubundan 21,4 milyon avro qarşılığında gəlib. 24 yaşlı forvard Premyer Liqa nəhənginin heyətində indiyə qədər 103 oyuna çıxıb. O, bu oyunlarda 36 qol vurub, 18 məhsuldar ötürmə müəllifi olub.

Alvares daha öncə yalnız yetirməsi olduğu “River Pleyt”də oynayıb – 122 oyun, 54 qol və 31 assist.

Argentinalı hücumçu 2021-ci ilin iyun ayında debüt etdiyi ölkəsinin əsas millisində 30 oyuna çıxıb. Bu oyunlarda 7 qol və 1 assist müəllifi olmuş Alvares daha öncə Argentinanın U-20 və U-23 yığmalarında da forma geyinib.

“Transfermarkt” internet-portalı 24 yaşlı forvardın transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.