Xulian Alvares: “Soyuq başla düşünməyə davam edirəm”

Argentina millisinin və “Mançester Siti”nin hücumçusu Xulian Alvares klubdakı gələcəyi barədə nə zaman qərar verəcəyini bildirib.

Arena.az argentinalı futbolçunun bu barədə fikrini təqdim edir:

“Mən həmişə demişəm ki, “Mançester Siti”də rahatam, amma mövsümdən sonra nəticələrə dair yekunlar aparmaq məntiqli bir məqamdır. Soyuq başla düşünməyə davam edirəm. Olimpiada bitəndən sonra özüm üçün nə istədiyimi sakitcə təhlil edəcəyəm. Görək, bundan sonra nə olacaq”, deyə Alvares bildirib.

Xatırladaq ki, Xulian Alvares “Mançester Siti”yə 2022-ci ilin yanvarında Argentinanın “River Pleyt” klubundan 21,4 milyon avro qarşılığında gəlib. 24 yaşlı forvard Premyer Liqa nəhənginin heyətində indiyə qədər 103 oyuna çıxıb. O, bu oyunlarda 36 qol vurub, 18 məhsuldar ötürmə müəllifi olub.

Alvares daha öncə yalnız yetirməsi olduğu “River Pleyt”də oynayıb – 122 oyun, 54 qol və 31 assist.

Argentinalı hücumçu 2021-ci ilin iyun ayında debüt etdiyi ölkəsinin əsas millisində 36 oyuna çıxıb. Bu oyunlarda 9 qol və 1 assist müəllifi olmuş Alvares daha öncə Argentinanın U-20 və U-23 yığmalarında da forma geyinib.

“Transfermarkt” internet-portalı 24 yaşlı forvardın transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.