Xulian Alvares tarixi ilkə imza atdı, Erlinq Haland bombardir oldu

UEFA Çempionlar Liqasının finalında “İnter” üzərində qələbə “Mançester Siti”nin hücumçusu Xulian Alvares üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, ötən gecə 2022/2023 mövsümünün final matçında Milan “İnter”ini məğlub etmiş (1:0) “şəhərlilər” həm də tarixi rekordlara imza atıb.

Belə ki, İngiltərə nəhəngi tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qalibi olub. Bu klub tarixində həm də ilk dəfə “trebl”ə imza atıb. Komanda bu mövsüm İngiltərə Premyer Liqasının və Federasiya Kubokunun da qalibi olmuşdu.

“Mançester Siti” kimi, futbolçuları da karyeraları ərzində ilk dəfə “trebl” sevinci yaşayıblar. Argentinalı hücumçu Xulian Alvares isə həm dünya çempionatını və həm də “trebl”i qazanmış ilk futbolçu kimi tarixə düşüb.

2022-ci ilin dekabrında Dünya Kubokunu başı üzərinə qaldırmış Alvares, bunun ardınca “Mançester Siti” ilə Premyer Liqanın, İngiltərə Federasiya Kubokunun və Çempionlar Liqasının qalibi olub.

“Mançester Siti”nin digər hücumçusu Erlinq Haland isə Çempionlar Liqasının 2022/2023 mövsümünün ən yaxşı bombardiri olub. Norveçli hücumçu turnirdə 11 matçda 12 qola imza atıb.

Xatırladaq ki, Haland daha öncə 35 matçda 36 qol vuraraq İngiltərə Premyer Liqasının da bombardiri olmuşdu.

Xəbəri sosial şəbəkələrdə paylaş: