“Napoli”nin və Gürcüstan yığmasının vingeri Xviça Kvaratsxeliya sevgilisi Nitsa Tavadze ilə ailə həyatı qurub.
Arena.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Müxtəlif mənbələrin məlumatına görə, toy mərasimi Mtsxetadakı Preobrajenski kilsəsində baş tutub. Nikah tədbirində cütlüyün yalnız ailə üzvləri və yaxın dostları iştirak ediblər.
Xviçanın həyat yoldaşı olaraq seçdiyi xanım Tavadze qeyri-ictimai şəxsdir. Qızın Tbilisidə tibb universitetində təhsil aldığı məlumdur. Cütlük bir neçə ildir ki, münasibətdədir. Vurğulayaq ki, Kvaratsxeliya vurduğu hər qolu həyat yoldaşına həsr edir və Xçivanın bunun üçün hətta xüsusi jesti də var.
Kvaratsxeliya 2022-ci ilin iyulundan “Napoli”də çıxış edir. “Napoli” gürcü vingeri 13,30 milyon avro müqabilində “Dinamo Batumi”dən transfer edib. Xviçanın Neapol təmsilçisi ilə müaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Kvaratsxeliya “Napoli”nin heyətində 9 oyuna çıxıb, 1 qol vurub, 4 məhsuldar ötürmə verib. Ötən mövsüm Xviça “Napoli” ilə İtaliya A Seriyasını qazanıb.
Xviça Kvaratsxeliya 2019-cu ilin iyununda debüt etdiyi Gürcüstan yığmasının heyətində 26 oyuna 12 qol vurub, 7 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 22 yaşlı Xviça Kvaratsxeliyanı 85 milyon avro məbləğində qiymətləndirir.

