“Napoli”nin və Gürcüstan yığmasının üzvü Xviça Kvaratsxeliya Lionel Messi və Kristiano Ronaldonun dünya futbolu üçün əhəmiyyətindən danışıb.
Arena.az xəbər verir ki, gürcü futbolçudan müasir dünya futbol ulduzları haqqında nə düşündüyünü də soruşublar:
– Xviça, Erlinq Haland, Kilian Mbappe, Cud Bellingem, Lamin Yamal, Vinisius Junior haqqında nə düşünürsünüz: futbolun gələcəyi yaxın keçmişdəki qədər həyəcanlı olacağını vəd edirmi?
– Bu adlar futbolun gələcəyinin etibarlı əllərdə olduğunu göstərir. Amma biz bu idman növünün Lionel Messi və Kristiano Ronaldo kimi əfsanələrinə hörmətlə yanaşmalıyıq. Onlar hələ də yüksək səviyyədə oynayırlar və azarkeşlər üçün çıxış edirlər. Mənə onlarla eyni dövrdə oynamaq və onların öz nəsillərinin digər əfsanələri ilə birlikdə bizə bəxş etdikləri həyəcanlı futbolu görmək nəsib olub.
Xviça Kvaratsxeliya 2022-ci ilin iyulundan “Napoli”də çıxış edir. Neapol təmsilçisi gürcü cinah hücumçusunu 13,3 milyon avro məbləğ müqabilində Batumi “Dinamo”sundan öz heyətinə qatıb. Xviçanın İtaliya klubu ilə müaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövümdə “Kvara” 9 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə verib.
Kvaratsxeliyanın “Napoli”də çıxışının ümumi mənzərəsi isə 97 oyun, 28 qol və 28 məhsuldar ötürmədən ibarətdir.
“Kvara” “Napoli” ilə 2022/2023-cü illər mövsümü İtaliya A Seriyasının qalibi olub.
Xviça Kvaratsxeliya 2019-cu ilin iyununda debüt etdiyi Gürcüstan yığmasının heyətində 36 oyuna 17 qol vurub, 9 məhsuldar ötürmə verib.
Gürcü futbolçu klub karyerası ərzində “Dinamo” (Batumi), “Rubin” (Kazan), “Lokomotiv” (Moskva), “Rustavi” və “Dinamo” (Tiflis) komandalarında oynayıb.
“Transfermarkt” internet-portalı 23 yaşlı gürcü cinah hücumçusunun transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.
Xatırladaq ki, Xviçanın Kvaratsxeliya atası Badri Kvaratsxeliya vaxtilə Azərbaycanın “Kəpəz” və “Şəmkir” komandalarında çıxış edib. Badri Kvaratsxeliya həm də Azərbaycan milli komandasının uğurları üçün çalışıb.



