Xviça Kvaratsxeliya ikinci dəfə ən yaxşı seçildi

“Napoli”nin Gürcüstandan olan hücumçusu Xviça Kvaratsxeliya İtaliya A Seriyasında fevral ayının ən yaxşı futbolçusu seçilib. Arena.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.

22 yaşlı vinger fevral ayında meydana çıxdığı 4 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə müəllifi olub. O, ayın ən yaxşı oyunçusu adı uğrunda mübarizədə “Torino”dan Aleksey Mirançuk, “Leççe”dən Federiko Başirotto, “Yuventus”dan Anxel Di Mariya və komanda yoldaşı Viktor Osimheni geridə qoyub.

Xatırladaq ki, Xviça Kvaratsxeliya bu mövsüm ikinci dəfədir A Seriyasında ayın ən yaxşı futbolçusu seçilir. O, 2022-ci ilin avqust ayının da ən yaxşısı elan edilmişdi. Noyabrda Kim Min Jae (“Napoli”), oktyabrda Rafael Leao (“Milan”), noyabrda Moyze Kin (“Yuventus”), bu ilin yanvarında isə Viktor Osimhen (“Napoli”) ən yaxşı seçilmişdi.

Gürcüstan yığmasının üzvü bu mövsümün əvvəlindən “Napoli”də forma geyinir. Azərbaycan millisinin sabiq hücumçusu Badri Kvaratsxeliyanın oğlu olan Xviça İtaliya klubunun heyətində meydana çıxdığı 28 oyuna 13 qol vurub, 15 məhsuldar ötürmə müəllifi olub.

İtaliya A Seriyasında fevral ayının ən yaxşı məşqçisi isə “Bolonya”nı çalışdıran Tyaqo Motta olub. Onun komandası ötən ay keçirdiyi dörd oyundan üçündə qalib gəlib.

Əvvəlki aylarda İtaliya A Seriyasında ən yaxşı seçilən baş məşqçilər bunlar olublar:

Avqust 2022 – Joze Mourinyo (“Roma”)
Sentyabr 2022 – Andrea Sottil (“Udineze”)
Oktyabr 2022 – Luçano Spalletti (“Napoli”)
Noyabr 2022 – Massimiliano Alleqri (“Yuventus”)
Yanvar 2023 – Luçano Spalletti (“Napoli”)

Xəbəri sosial şəbəkələrdə paylaş: