Xviça Kvaratsxeliya narazı qaldı, baş məşqçisinin əlini sıxmadı

Çempionlar Liqasının 1/8 finalında “Barselona”ya qarşı ev oyununda (1:1) “Napoli”nin gürcü vingeri Xviça Kvaratsxeliya narazı qalıb.

Arena.az “Football Italia” dərgisinə istinadən məlumat verir ki, Kvaratsxeliya bu oyunun 68-ci dəqiqəsində əvəzlənib.

O, bundan narazılığını komandanın yeni baş məşqçisi, italyan mütəxəssis Françesko Kaltsonanın əlini sıxmamaqla ifadə edib.

Vurğulayaq ki, bu oyun Kaltsonanın “Napoli”nin sükanı arxasında ilk oyunu kimi əlamətdar olub.

Mənbənin məlumatına görə, Kvaratsxeliya belə erkən əvəzlənməsinəə təəccüblənib. Gürcü futbolçu “Napoli”nin başında debüt oyununu keçirən baş məşqçi Françesko Kaltsona ilə yanaşı, digər komanda yoldaşlarının da əlini sıxmayıb. Oyundan sonra stadionu ilk tərk edən heyət üzvünün də məhz Kvaratsxeliya olduğu vurğulanır.

Kvaratsxeliya 2022-ci ilin iyulundan “Napoli”də çıxış edir. “Napoli” gürcü vingeri 13,30 milyon avro müqabilində “Dinamo Batumi”dən transfer edib. Xviçanın Neapol təmsilçisi ilə müaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Kvaratsxeliya “Napoli”nin heyətində bütün yarışlarda 32 oyuna çıxıb, 6 qol vurub, 5 məhsuldar ötürmə verib. Ötən mövsüm Xviça “Napoli” ilə İtaliya A Seriyasını qazanıb.

Xviça Kvaratsxeliya 2019-cu ilin iyununda debüt etdiyi Gürcüstan yığmasının heyətində 28 oyuna 15 qol vurub, 7 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 23 yaşlı gürcü vingerin transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.