Xviça Kvaratsxeliya PSJ-də! – 70 milyon avroluq transfer rəsmiləşdi!

Futbol üzrə Gürcüstan milli komandasının və İtaliyanın “Napoli” klubunun sol cinah hücumçusu Xviça Kvaratsxeliya PSJ-yə keçib.

Arena.az xəbər verir ki, bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb.

Gürcü futbolçu Paris təmsilçisi ilə 2029-cu ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqaviləyə imza atıb. Keçidin maliyyə tərəfi barədə açıqlama verilməyib. Amma 23 yaşlı vingerin transferinin PSJ-yə 70 milyon avroya başa gəldiyi iddia olunur.

Xatırladaq ki, Xviça Kvaratsxeliya 2022-ci ilin iyul ayından “Napoli”də çıxış edirdi. Neapol təmsilçisi gürcü cinah hücumçusunu 13,3 milyon avro məbləğ müqabilində Batumi “Dinamo”sundan öz heyətinə qatmışdı. Xviçanın İtaliya klubu ilə müaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə idi.

Cari mövümdə “Kvara” “eşşəkciklər” üçün 19 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə verib. Kvaratsxeliyanın “Napoli”də çıxışının ümumi mənzərəsi isə 107 oyun, 30 qol və 29 məhsuldar ötürmədən ibarətdir.

“Kvara” “Napoli” ilə 2022/2023-cü illər mövsümündə İtaliya A Seriyasının qalibi olub.

Xviça Kvaratsxeliya 2019-cu ilin iyununda debüt etdiyi Gürcüstan yığmasının heyətində 40 oyuna 17 qol vurub, 9 məhsuldar ötürmə verib.

Gürcü futbolçu klub karyerası ərzində “Dinamo” (Batumi), “Rubin” (Kazan), “Lokomotiv” (Moskva), “Rustavi” və “Dinamo” (Tiflis) komandalarında oynayıb.

“Transfermarkt” internet-portalı 23 yaşlı gürcü sol cinah hücumçusunun transfer dəyərini 85 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, Xviçanın atası Badri Kvaratsxeliya vaxtilə Azərbaycanın “Kəpəz” və “Şəmkir” komandalarında çıxış edib. Badri Kvaratsxeliya həm də Azərbaycan milli komandasının uğurları üçün çalışıb.