Yadullayev: “Qazaxıstanla oyunda milli əsl xarakter göstərdi”

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi İlham Yadullayev Qazaxıstan yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, Belarusun paytaxtı Minskdə təşkil edilmiş İnkişaf Kubokunda Qazaxıstan yığması üzərində 2:1 hesablı qələbəyə sevindikləri matçla bağlı fikirlərini AFFA-nın mətbuat xidmətinə açıqlayıb:

“Ötən il də bu turnirdə iştirak etmişdik. Bir il ərzində nələrə nail olduğumuzu görmək baxımından builki turnirdə çıxışımız mənə də maraqlı idi. Bu barədə komanda ilə söhbətimiz də olmuşdu. Rusiya ilə ilk oyunda futbolçularda həyəcan var idi. Ancaq komanda qısa müddətdə toparlandı, qələbəyə kökləndi. Nəticədə İran yığmasını məğlub etdik. Bu qalibiyyət Qazaxıstanla matç öncəsi uşaqlara əlavə motivasiya verdi. Qazaxıstanla oyunda komandamız əsl xarakter göstərdi. Birinci hissədə hesabda geri düşsək də, görüşə nəzarət tam bizim tərəfimizdə idi. Fasilədə bəzi dəyişikliklər etdik. Bu da bəhrəsini verdi. Yeni gələnlərin özlərini doğrultmaları da sevindirici hal oldu. Sona qədər döyüşdükləri üçün futbolçularıma təşəkkür edirəm”.

Yadullayev fevralın 21-də Özbəkistan yığmasına qarşı keçiriləcək üçüncü yer uğrunda matçda qələbə qazanmağa çalışacaqlarını söyləyib: “Özbəkistan yığması da bizim kimi, qrupunda ikinci yeri tutub. Çox güclü komandadır. Buna baxmayaraq, uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, U-17 millimiz bu turnirin qrup mərhələsində Rusiyaya (0:3) məğlub olub, İran (1:0) və Qazaxıstan (2:1) yığmalarına qalib gəlib.